BAKI, 29 iyul — Sputnik. Yerevanda ələ keçirilmiş Post-patrul Xidməti polkunda atışma səsləri eşidilir. Sputnik Ermənistan-ın verdiyi məlumata görə, "Təsis parlamenti" müxalifət hərəkatı silahlı qrupun bir nəfər üzvünün yaralandığını bildirib.
"Təsis parlamenti"nin mətbuat katibi Syuzan Simonyan deyib ki, İrəvanın sözügedən rayonunda yaşayan əhalinin verdiyi məlumata görə, artıq xeyli vaxtdır atışma gedir və "Sasna tcrer" silahlı qrupunun üzvü, "Tənha canavar" ləqəbli Araik Xandoyan yaralanıb. Bu məlumatı Ermənistan polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aşot Aqaronyan da təsdiqləyib.
"Hüquq-mühafizə orqanlarının tələblərinin yerinə yetirilməməsi səbəbindən bir qədər əvvəl polkun ərazisində atışma səsləri eşidilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi açıblar. Silahlılardan biri — Araik Xandoyan yaralanıb", — deyə Aqaronyan öz "Facebook" səhifəsində yazıb.
İyulun 27-nə keçən gecə silahlı qrupun üzvləri ilə polis əməkdaşları arasında gedən atışmada 3 nəfər yaralanıb. Onlar "Sasna tsrer" qrupunun lideri Pavel Manukyan, onun oğlu Aram və hüquq-mühafizə orqanlarının bir əməkdaşı olub. Silahlı qrupun yaralanmış daha iki üzvü isə polkun ərazisində saxlanılır.
Həmin gün Təcili Tibbi Yardım briqadasının 4 üzvü silahlı qrupun üzvləri tərəfindən girov götürülüblər. Hadisə, həkimlər atışma zamanı yaralananlara yardım edərkən baş verib. Bu gün girovlardan David Tononyan adlı feldşer azad edilib.
Qeyd edək ki, iyulun 17-də silahlı qrupun üzvləri Post-patrul Xidmətinin (PPX) polkunun binasını ələ keçiriblər. Onlar qanunsuz silahların saxlanılması və onlardan istifadə ittihamı ilə həbs olunmuş müxalifətçi "Təsis parlamenti" vətəndaş təşəbbüsləri təşkilatının koordinatoru Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər.
PPX polku ələ keçirilən zaman polis polkovniki Artur Vanoyan qətlə yetirilib. Polis polkovniki Aram Ovannisyan, podpolkovnik Qraç Oseqyan və praporşik Qaqik Mkrtçyan yaralanıb.