BAKI, 28 iyul — Sputnik. Milli valyutanın gündən-günə dəyərsizləşməsi, manatın dollara nisbətdə hər gün daha da ucuzlaşması vətəndaşları ciddi narahat etməyə başlayıb. Onları daha çox qorxudan isə ərzaq məhsullarının bahalaşma ehtimalıdır. Çünki son iki ildə baş verən hər devalvasiyadan sonra ərzaq məhsullarının qiymətləri kəskin şəkildə artıb.
Son iki ayda dolların məzənnəsi, həftəyə təxminən 1 faiz (ayda 4 faiz) bahalaşmaqda davam edir. Bu fonda diqqətlər yenidən bazarlara, marketlərə yönəlib. Hər kəs eyni suala cavab axtarır: Qiymətlər qalxacaq, ya yox?
Sputnik əməkdaşı bu suala cavab axtarmaq məqsədilə paytaxtın bir neçə iri supermarketinə üz tutub. İlk olaraq "Favorit" supermarketlər şəbəkəsinin Yasamal rayonu ərazisində yerləşən filialına yaxınlaşdıq. Müdir müavini Samir Bayramov heç bir bahalaşma olmadığını, bu barədə ümumiyyətlə düşünmədiklərini bildirdi.
"Məlum olduğu kimi, Mərkəzi Bank "üzən məzənnəyə" keçid olduğunu daha öncə bildirmişdi. Yəni, bu o deməkdir ki, dolların kursu gündəlik olaraq yuxarı-aşağı dəyişə bilər. Onda belə çıxır ki, biz hər gün ərzaq və digər məhsulların qiymətini dəyişməliyik? Bu, mümkün deyil", — market təmsilçisi deyib.
Onun sözlərinə görə, "Favorit" rəhbərliyi bütün bunları öncədən nəzərə alaraq standart orta qiymət tətbiq edib: "Nə vaxt ki, kəskin surətdə dollar bahalaşacaq, biz də o zaman qiymətləri nəzərdən keçirəcəyik. Amma mən bildiyim qədər, "üzən məzənnə"də kəskin artım olmur".
Paytaxtın digər iri market şəbəkəsi olan "Bizim Market"in "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən filialının rəhbəri Səbinə Məmmədova da bahalaşma gözlənilmədiyini bildirdi. Onun sözlərinə görə, cəmiyyətdə ajiotaj yaranması üçün heç bir səbəb yoxdur.
"Mərkəzi ofisdən bizə heç bir təlimat gəlməyib. Rəflərdəki qiymətlər olduğu kimi qalır. İnanmıram ki, yenidən qiymətlər qalxsın. Məzənnə demək olar ki, hər gün dəyişir. Gah qalxır, gah düşür. Bunlar normaldır. Təyin edilən qiymətlər isə stabil olaraq qalmaqdadır", — S. Məmmədova qeyd etdi.
Digər iri və xırda marketlərdə də vəziyyət eynidir. Qiymətlər dəyişməyib və bahalaşma müşahidə edilmir.
Ayaqüstü söhbət apardığımız paytaxt sakinləri isə vəziyyətdən ciddi narahatdırlar. Abbas Mirzə Şərifzadə küçəsində, metronun çıxışında ayaqqabı sexi işlədən Həsən Cəlilov adlı vətəndaş, artıq heç bir sözə, vədə inanmadığını deyir: "Əgər məni, səni, hamımızı Mərkəzi Bankın rəhbəri aldadırsa, market sahibinin dediyinə necə inanmaq olar?! Məgər yadınızda deyil ki, Elman müəllim devalvasiya olmayacağını demişdi. Sonra nələr olduğunu hamımız bilirik".
"İndi də siz hansısa aşağı vəzifəli market işçisinin dedikləri ilə bizə təsəlli verməyə çalışırsınız. Onlar kimdir ki, proqnoz versinlər?!", — usta bildirdi.