BAKI, 26 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).
2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin".