İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Bir çox sənət növləri var ki, öz qeyri-adiliyi ilə hər kəsdə təəccüb doğurur. Bu cür yaradıcılıqla məşğul olan insanlar ən adi şeylərdən belə, zövq oxşayacaq məmulatlar yarada bilirlər. Bir qism sənətkarlar üçün bu, qazanc məqsədi daşısa da, elələri də var ki, yalnız daxildən gələn bir səslə yaradıcılığa başlayır və davam etdirirlər. Bu cür insanlardan biri də Goranboy rayonunun Rəhimli kəndində yaşayan Elnur Tağıyevdir.
O, yalnız kibrit çöplərindən istifadə edərək müxtəlif fiqurlar və suvenirlər düzəldir. Rəngli kibritlərlə onlara bəzək vurur, canlandırır. Bu iş Elnur üçün hobbi kimi başlasa da, sonradan ürəyində yaranan ağrıların sakitləşdirilməsi, əsəbdən və stressdən uzaq qalmaq üçün bir vasitəyə çevrilib.
Həmsöhbətimiz bu sənətə 12 il əvvəl başlayıb. İlk dəfə 11-ci sinifdə oxuyarkən türk kanallarından birində kibrit çöplərindən düzəldən gitara gördükdən sonra bu işə həvəs göstərib.
"Baxdım ki, bunu mən də düzəldə bilərəm. Həmin gün məni elə bil kimsə məcbur elədi ki, dur bu işi gör, sən bacaracaqsan. Bir şam, bir də kibrit götürərək işə başladım. Kibrit çöplərini düzdüm və şamı əridərək onları yapışdıraraq ürək fiquru yığdım. O, mənim ilk işim oldu. Bu sənəti kiminsə əlinə baxaraq öyrənmədim. Heç kim mənə göstərməyib ki, nəyi necə etməliyəm", — deyir Elnur Tağıyev.
Gənc usta keyfiyyətsiz kibritlər səbəbindən çox əziyyət çəkir. Hətta bu səbəbdən bir müddət işinə də ara verməli olub. Bəzən fiqurların hissələrini min bir əziyyətlə yığıb, sonradan onları yapışqanla bərkidəndə rəngi itib, kükürdləri dağılıb, zəhməti hədər gedib. İndi isə işləmək üçün tapmaq asan olmasa da, yalnız yaxşı kibrit çöpləri axtarır. Dostları da bu işdə ona kömək edir. Bakıya, Gəncəyə gedəndə yaxşı kibrit alıb gətirirlər.
"Əsərin düzəlməsinə hər bir kibrit çöpünü bir-bir seçirəm. Qılçıqlı kükürdü fərqli çöpləri ayırıb çıxardıram. Bir cərgə düzdükdən sonra üzərinə taxta yapışqanı çəkirəm ki, dağılmasın. Yapışqan 3-5 gün quruduqdan sonra, yığdığım digər hissələrlə birləşdirirəm", — deyir müsahibimiz.
Elnur suvenirlərlə bərabər, məişətdə də istifadə edilə bilən əşyalar düzəltmək fikrindədir. Artıq bu qəbildən bir qəndqabı düzəltdiyini də deyir. Lakin o, arzusunu reallaşdırmaq üçün lazım olan avadanlıqları tapmaqda çətinlik çəkir.
Kiçik həcmli mücrü-sandıqlar düzəltmək istəsə də, ona lazım olan xırda petlələri heç yerdə tapa bilmir. Onun istədiyini əldə edə bilməməsi isə həvəsdən düşməsinə səbəb olur.
Gənc sənətkarın indiyə kimi 25 əl işi olub. Əsərlərinin az olmasını arada çox fasilə verməsi ilə əlaqələndirir. Düzəltdiyi fiqurların əksəriyyətini 25-30, ən baha satdığını isə 70 manata satdığını deyir. Son yığdığı və 30 gün üzərində işlədiyi Eyfel qülləsini isə 25 manata satıb.
"Atam əməliyyat olunurdu ürəyindən, o üzdən belə ucuz verməyə məcbur oldum. Hazır olanda çıxardım evin yanındakı çayçıya. O qədər adam yığılmışdı ki… Çayçı dedi, "bura açılandan bu qədər adam görməmişdim"", — danışır Elnur.
Xərcinə gəldikdə isə, sənətkar bu işin o qədər də xərc tələb etmədiyini bildirir: "Kibrit və taxta yapışqanı lazımdır. Bunlarla böyük bir villanın yığılması, ən uzağı 15 manat vəsait tələb edir. Amma, belə bir iş mənim 5-6 ay vaxtımı alır. Gündəlik 6-7 saat işləyirəm. Bəzən elə olub ki, səhərə kimi işləmişəm. Çox vaxt isə işin üzərində yatmışam, gecə atam qaldırıb göndərib yerimə".
Atası Vaqif kişi də Elnurun iş üstündə çox əziyət çəkdiyini deyir: "Elnurun istedadı var. Əvvəllər mən də narazıydım ki, uşaq işləri ilə məşğul olur. Ama sonra gördüm ki, hər adamın bacaracağı iş deyil. Lakin dəyər verən azdır. Çəkdiyi əziyyət dəymir satdığı qiymətə".
Elnurun həyata keçirmək istədiyi arzulardan biri də sərgi təşkil etməkdir. Lakin bu yöndə düzgün istiqamət verən olmayıb. Kömək vəd edənlər çox olsa da, həlledici məqamda heç birini tapa bilməyib. Rayon tədbirlərinə çıxardır bəzən əl işlərini.
Hazırda isə sifarişlə işləyir: "Çox sifariş verən olub, sonra götürməyib. İndi ağıllanmışam, əvvəldən beh götürürəm. Nərd sifariş elədilər, dedim, 6 aya yığaram, gündə 5-6 saat işləməklə. Qiymətdə razılaşmadıq. Dedim, sənin işləməyin lazım deyil, mən yığdığım 6 ay ərzində yanımda dayan, hazırlayıb hədiyyə edim (gülür — İ.M.)".
Elnuru azyaşlı övladı var: "Uşaq da işləməyə mane olur. Çox yarımçıq işimi dağıdıb. Əsas odur, işimdən zövq alıram. İşə başlayanda elə bir həvəs yaranır ki, Allah da bu həvəsə görə kömək edir hər şeydə. Eyni zamanda, bu iş məni rahatladır. Əsəblərimi sakitləşdirir. Mənim də ürəyimdə problem var. Həkim deyir, əsəbləşmək, stress olmaz".
Bəlkə bu səbəbdəndir ki, ilk işi olan ürək fiquru gənc sənətkarın heç kəsə verməyərək saxladığı yeganə əl işidir.