CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu MTK-dan ev almayın

© Sputnik / Fuad HasanovYeni Bakı yaşayış kompleksində evlər
Yeni Bakı yaşayış kompleksində evlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni Bakı" yaşayış kompleksini "İlin Dörd Fəsli" MMC inşa edib.

BAKI, 25 iyul — Sputnik. "Hara gediriksə, deyirlər, "ağlınız olaydı, ordan ev almayaydınız". Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb".

Sputnik Marja-ya istinadən xəbər verir ki, Toğrul Məcidov 3 il əvvəl Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb: 

"Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır".

Bina sakini Sabir Kazımov isə deyib:"Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci "P" şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik. 

Yeni tikili binalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ev almağa tələsməyin!
Həm də şifahi… Tələb edirik ki, "Yeni Bakı"da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də "istismara qəbul aktı var" deyib ötməklə kifayətlənirlər".

Yaşayış kompleksi deyil, əsl həbsxanadır

"Yeni Bakı" yaşayış kompleksini "İlin Dörd Fəsli" MMC inşa edib. Sakinlər deyirlər, MMC ilə əvvəl işıq, sonra mənzillərə "Çıxarış" davasına çıxıblar. Bu davalar bitməmiş binalar çat verməyə başlayıb. Ancaq bunlar bir tərəfə, Sabir Kazımovun dediyinə görə, binanı inşa etmiş MMC-nin əməkdaşları sakinlərlə, az qala, həbsxana işçisi kimi davranırlar:

"Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü "İlin dörd fəsli" MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır".

Kəmaləddin Heydərova məktub var

Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları binadakı vəziyyətlə tanış olarkən divarlarda çatlar və binada çökmə əlamətləri müşahidə ediblər:

Sənədsiz ev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sənədsiz evlərin aqibəti bəlli oldu - rəsmi bəyan
"Ancaq o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini biz yox, bu işlə məşğul olan Fövqəladə Hallar Nazirliyi müəyyən edə bilər. Səbəblər də həmin Nazirlik tərəfindən araşdırılmalıdır. Elə məsələlər var ki, onu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır — məsələn, kompleksin yerləşdiyi torpağın xassəsini və sair…"

"Yeni Bakı" sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova belə bir məzmunda müraciət ünvanlayıblar:

"Cənab nazir, "Yeni Bakı" Yaşayış Kompleksindəki vəziyyəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik. Binalardakı çatlarla bağlı mətbuatda dərc olunan yazılardan sonra əl-ayağa düşən komendantlıq işçiləri çat yerlərini suvayıb boyamaqla ictimaiyyəti aldatmağa çalışır. Sabah bu binalar çöksə, insanlar tələf olsa, prezidentə kim, nə üzlə cavab verəcək?"

Şirkət isə təkzib edir və sakinləri məhkəmə ilə hədələyir

"İlin dörd fəsli" tikinti şirkətinin adını çəkməyən əməkdaşı məsələyə belə münasibət bildirib:

"Biz o məsələlərə aydınlıq gətirmişik, boş söhbətlərdir, o şikayətlərin heç bir əsası yoxdur. Hər şeyə sənədlərlə aydınlıq gətirmişik. Şayiələri yayanlar da məhkəməyə veriləcək."

Şirkətin əməkdaşı qeyd edib ki, onların əlində sənədlər var və o sənədlərə görə, heç bir binada çat yoxdur, hansısa binanın çökmə təhlükəsi də həmçinin.

Şirkət nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin onlara binanın istifadəyə yararlı olduğu barədə sənəd verdiyini də qeyd edib.

Çıxarışlara gəlincə, şirkət nümayəndəsi deyib ki, çıxarışlar hazırlanır və yaxın vaxtlarda sakinlərə veriləcək.

Sözügedən şəxs şirkət əməkdaşlarının sakinlərlə qanundankənar davranışlarını da təkzib edib. Deyib ki, "bunlar yalan söhbətdir, bizim belə əməkdaşlarımız yoxdur".

Xəbər lenti
0