BAKI, 17 may — Sputnik. Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemidir. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə getdikcə daha da böyüyür və həlli müşkülə çevrilir. Ölkə başçısı İlham Əliyev bu problemin aradan qaldırılması üçün müvafiq instansiyalara lazım olan tövsiyə və tapşırıqlarını beş ildən artıqdır ki, verib. Amma indiyə qədər bu barədə heç bir irəliləyiş baş verməyib.
Ölkənin yüz minlərlə vətəndaşı min bir əziyyətlə əldə etdikləri daşınmaz əmlaklarının nəhayət ki, sahibi olmaq istəyirlər. Bəzi vətəndaşlar isə müvafiq sənədləri olmadığından evlərini sata, yaxud dəyişdirə bilmirlər. Bir qisim vətəndaş da artıq illərdir, evinin nə zamansa söküləcəyi ilə bağlı narahatlıq içərisində yaşayır.
Qeyd edək ki, sözügedən problemdən ən çox əziyyət çəkənlər Bakı və Bakı ətrafında sənədsiz mülk sahibi olanlardır. Elə Sputnik də bu problemə aydınlıq gətirmək, sənədləşdirmə ilə bağlı Prezidentin 2011-ci ildə verdiyi tapşırıqların icrasının nə yerdə olduğunu öyrənmək üçün birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Prezident göstəriş verib ki…
BŞİH-dən Sputnik-ə bildiriblər ki, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan edib. Ölkə başçısı həmin müşavirədəki çıxışında deyib: "Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".
Bu müşavirədən sonra BŞİH qərara gəlib ki, ilk olaraq texniki inventarlaşdırma həyata keçirilsin. Amma ilk addımlar zamanı məlum olub ki, bu, konkret mexanizmlər olmadan heç bir effekt verməyəcək.
İcra Hakimiyyəti hesab edir ki, torpaq və evlərin sənədləşdirilməsi təkcə onların səlahiyyətləri və imkanları daxilində olan iş deyil. Bunun üçün Nazirlər Kabineti, Prezident Aparatı və Bakı Şəhər İcra Hakimiyyəti birlikdə qərar qəbul etməlidir.
Sənədsiz torpaq və evlərin kateqoriyaları
BŞİH-dən verilən məlumata görə, Bakı və Bakı ətrafında olan sənədsiz torpaq və evlər 3 kateqoriyaya ayrılır:
Birincisi, 1950-60-cı illərdə tikilmiş, el arasında "naxalstroy" deyilən evlərdir. Belə evlər ən çox "Papanin" deyilən ərazidə, 1 və 2-ci Alatavada, 1-2-3-4-5-ci yasamallarda var.
İkincisi 1990-cı illərdə işsizliklə bağlı rayonlardan şəhərə axın nəticəsində tikilən evlərdir. Onda şəhərə iş dalınca gələnlər ucuz başa gələn sənədsiz torpaqları alaraq ev tikiblər.
Üçüncü kateqoriyadan olanlar isə əvvəllər kolxoz və sovxoz torpaqlarının bələdiyyələrin balansına keçirilməsi, həmçinin əhaliyə paylanması nəticəsində yaranıb. Əhali pay torpaqlarını hissə-hissə satıb. Bələdiyyələr də torpaqların qanunsuz satışı ilə məşğul olub. Nəticədə sənədsiz daşınmaz əmlak subyektləri yaranıb.
1 milyon sənədsiz ev
BŞİH bildirib ki, vaxtilə bağ əraziləri sayılan yerlərdən indi əhali daimi yaşayış yeri kimi istifadə edir. Nəticədə bağ anlayışı ortadan qalxır, nəticədə sənədsiz torpaq və evlər meydana çıxır.
"Əvvəllər bağlar idarələrinə baxan torpaqlar indi bələdiyyələrin sərəncamındadır. Bələdiyyələrin o torpaqlara və evlərə sənəd vermək səlahiyyəti yoxdur. Bunun dövlət reyestri üçün hüquqi baza da yoxdur. Əvvəlcə bunlar hüquqi baxımdan ayırd edilməlidir", — deyə BŞİH yetkinlisi bildirib.
İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirir: "Amma nəzərə almaq lazımdır ki, sənaye torpaqlarında, dövlət əhəmiyyətli obyektlərin yanında, kommunal istismarda olan ana xətlərin, yüksək gərginlikli elektrik xətlərinin üstündə və s. tikilən xeyli ev də var. Sənaye torpaqları deyəndə biz əsasən Dövlət Neft Şirkətinin balansında olan torpaqları nəzərdə tuturuq. Amma elə evlər var ki, dəmir yollarının, magistralların, hərbi hissələrin, dövlət əhəmiyyətli obyektlərin ərazisində, yaxud sahilyanında tikilib. Bunları da o hesaba qatanda, Bakı ərazisindəki sənədsiz evlərin sayı 1 milyonu ötüb-keçir", — deyə BŞİH-in məlumatında bildirilir.
"Dövlət onları heç vaxt reyestrdən keçirməyəcək"
BŞİH rəsmiləri o fikirdədirlər ki, inventarlaşma və sənədləşmə prosesi mərhələ-mərhələ aparılmalıdır. Bu mexanizmi hazırlamaq Nazirlər Kabinetinin işidir, icra etmək isə onların.
Şəhər rəhbərliyi vəziyyətin belə çətinləşməsində o torpaqlarda qanunsuz evlərin tikintisinə imkan verən yerli məmurlarla yanaşı, vətəndaşları da günahlandırır: "Əlbəttə başa düşürük ki, adamların imkanları olsa, qaydalara və standartlara əməl edərlər. Amma Azərbaycanda həmişə bu sahədə bürokratik problemlər, məmur özbaşınalığı, məmurların vəziyyətdən sui-istifadə etmə halları olduğundan, əhali əldə etdiyi minimal vəsaitlərlə özünü yaşayış yeri ilə təmin etməyə çalışır. Belə evlərin sayı yüz minlərlə olduğundan, problem də getdikcə dərinləşir və çıxılmaz hal alır. Zəbt olunmuş torpaq və qanunsuz tikilmiş evlərin indiyə qədər sənədləşdirilməməsinin əsasında məhz problemin dərin olması və sistemli bir mexanizmi bura tətbiq etməyin mümkünsüzlüyü dayanır".
"Hələ Prezident müşavirə keçirənin səhəri BŞİH-ə məlum olub ki, vətəndaşlar evlərin sənədləşməsi məsələsini eşidən kimi, dərhal əldə etdikləri torpaq sahələrində evlər tikməyə başlayıblar. Düşünüblər ki, onsuz da, gec-tez Prezidentin göstərişi yerinə yetiriləcək və onlara qanunsuz tikdikləri evlərlə bağlı heç kəs heç nə deməyəcək. Amma onlar nəzərə almırlar ki, strateji əhəmiyyətli, yaxud da əhalinin yaşayışı üçün nəzərdə tutulmayan yerlərdə tikilmiş evləri dövlət heç vaxt reyestrdən keçirməyəcək. Ona görə də tələm-tələsik qanunsuz daşınmaz əmlak əldə etməyə çalışmasınlar", — BŞİH bəyan edib.
O da qeyd olunur ki, bütün bu səbəblərə görə, sənədsiz evlərin dövlət reyestrinə necə və nə vaxt daxil ediləcəyini konkret demək mümkün deyil: "Belə torpaq və evləri müxtəlif üsullarla sənədləşdirməyə nail olanlar da, çox arxayın olmasınlar. Əgər sənədləşdirmə üçün bir mexanizm tapsalar, o kateqoriyadan olan evlərin hamısı yenidən qeydiyyata alınacaq".
Rəsmilərin niyə ötür-ötür etdiklərinin səbəbi bəlli oldu
Qeyd edək ki, prezident İlham Əliyev hələ 2015-ci ilin yanvar ayında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Bu fərmanda NK-ya kolxoz və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi də qeydiyyatsız sənədlərin siyahıya daxil edilməsi barədə təkliflərini Prezidentə təqdim etməli idi.
Amma bunlar təqdim edilibmi? Bu sual açıq qalır. Görünən odur ki, hökumət orqanları problemin həllini bir-birilərinin üzərinə atmaqla faktiki olaraq Prezidentin tapşırıqlarını və fərmanlarından irəli gələn məsələləri yerinə yetirməkdən boyun qaçırır.
Halbuki hökumətin bu məsələyə biryolluq əncam çəkməsi təkcə vətəndaşları bu qayğılardan azad etməzdi, həm də dövlətin büdcəsinə rüsum şəklində külli miqdarda vəsaitlərin daxil olmasına imkan yaradardı. Eyni zamanda bu torpaqların və evlərin sahiblərinin istismar əvəzində ödəyəcəkləri haqlardan hər il dövlət büdcəsinə yüz milyonlarla vəsait daxil ola bilərdi.
Amma o da var ki, Prezidentin evlərin sənədləşdirilməsi zamanı sui-istifadə hallarına, rüşvətə yol verilməməsi üçün şəffaf mexanizm hazırlanması tələbi məmurları bir qədər pəjmürdə edib. "Bu, çox əziyyətli işdir. Heç kəs buna görə canını bərkə vermək istəmir. Hamı düşünür ki, burada mənim xeyrim nədir", — deyə adının çəkilməsini istəməyən bir icra məmuru Sputnik-in əməkdaşına bildirib.
İndi yeganə ümid, ölkə başçısının bu işin üstünə ciddi şəkildə düşməsinə qalıb.