İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Yay fəsli başlayanda bir çox insanları məşğul edən fikirlərdən biri də istirahətlərini harada keçirmələri olur. Bəziləri dincəlmək üçün yerli turizm məkanlarının bahalığından və xidmətlərinin zəifliyindən narazılıq edərək, əsasən Türkiyə və Gürcüstana üz tutur. Bir qisim insanlar isə dəbdəbəli istirahətdən qaçaraq dağətəyi rayonlara, kəndlərə təşrif buyuraraq, əsasən ev turizmindən yararlanırlar.
Bu tip turizmin inkişaf etdiyi bölgələrimizdən biri də Daşkəsən rayonudur. Azərbaycan ərazisində ev turizminin mövcud olduğu bölgələri xarakterizə etsək, Daşkəsən rayonunun onlar arasında həm hava və suyu, həm də qiymət baxımından çox sərfəli olduğunu müşahidə etmək olar.
Xüsusilə rayonun Xoşbulaq kəndi bölgə əhalisi tərəfindən ən çox üz tutulan yerlərdəndir. Buraya ən çox gələnlər isə astma-bronx xəstəliyindən əziyyət çəkənlərdir. Yerli sakinlər bu cür xəstəliyi olanlar üçün Xoşbulağın havası və suyunun çox xeyirli olduğunu deyirlər. Burada turistlərin ən razı qaldığı məqamlardan biri də təbii və keyfiyyətli qida məhsullarının ucuz və asan tapılmasıdır.
Ev turizminin geniş vüsət aldığı Xoşbulaqda istirahət o qədər də baha başa gəlmir. Burada hər şəraiti olan ev bir mövsüm üçün (2-3 ay müddətinə) 400-500 manatadır. Xoşbulaq kənd icra nümayəndəsi Hətəm Əzizov kənd ərazisində 1600-ə yaxın təsərrüfatın olduğunu, onlardan yalnız 500-600 evdə daimi sakinlərin yaşadığını deyir. Digər evlər mövsümi olaraq istifadə olunur. İcra nümayəndəsi bir çox bölgədən insanların gələrək kənd ərazisində torpaq, yaxud ev aldıqlarını, yay fəslini keçirmək üçün əraziyə üz tutduqlarını deyir.
Ərazidə, həmçinin az sayda da olsa, hotel-restoran tipli istirahət məkanları mövcuddur. Bu tipli istirahət məkanlarında 4-5 nəfərlik ailənin qalması üçün olan koteclərin qiyməti bir günlük 50-100 manat aralığında dəyişir.
Onu da bildirək ki, kənd rayon mərkəzindən 7 km-lik məsafədə yerləşir. Kəndə asfalt döşəməli rahat yol var. Qazı və suyu daimidir. Həmçinin kənd ərazisində olimpiya mərkəzi də fəaliyyət göstərir ki, turistlərin bu məkandan da istifadə etmək imkanları var.