CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan mediası xaricdən necə görünür?

© Sputnik / Murad OrujovAzərbaycan jurnalistikasının problemləri bu gün" mövzusunda keçirilən "dəyirmi masa"
Azərbaycan jurnalistikasının problemləri bu gün mövzusunda keçirilən dəyirmi masa - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ölkə jurnalistikasında müasir çağırışlar mövzüsünü müzakirə ediblər

BAKI, 22 iyul — Sputnik. Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan jurnalistikasını formalaşdırmaqla yanaşı maarifçiliyin təbliğinə xidmət edirdi. Bu fikirlər iyulun 22-də Sputnik Mətbuat Mərkəzində, "Azərbaycan jurnalistikasının problemləri bu gün" mövzusunda keçirilən "dəyirmi masa"da səslənib.

Jurnalistlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beləcə 141 il...

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli Azərbaycanın modern media məkanı və jurnalistikanın yeni çağırışlarından danışıb: "Postsovet məkanında totalitar rejimdən çıxmış ölkələrdən ilk dəfə Azərbaycanda jurnalistika sahəsində qanunvericilik çox sürətlə beynəlxalq təcrübəyə uyğunlaşdırıldı. Media üzərində nəzarət funksiyasını həyata keçirən senzura, eləcə də mətbuat və informasiya nazirliyi ləğv olundu. Azərbaycanda dövlət səviyyəsində mediaya dəstək konsepsiyası qəbul olundu. Mətbuat Şurası və Milli Teleradio Şurasının yaranması və qanunvericiliyin təkmilləşməsi ilə Azərbaycan modern media məkanın tərkib hissəsinə çevrildi".

Ekspert hesab edir ki, buna baxmayaraq, hazırda Azərbaycan mediasını problemlərdən kənar hesab etmək olmaz: "Bu, dinamik bir sahədir. Medianın vəzifəsi hər şeyi obyektiv, qərəzsiz və olduğu kimi işıqlandırmaqdır, lakin bunu hamı xoşlamır. Digər bir tendensiya internetin meydana çıxması ilə bağlıdır".

"Təəssüf ki, zaman keçdikcə internet tək texnoloji vasitə olmadı və klassik jurnalistikadan fərqli "yeni" bir jurnalistika yaratdı. Bu gün cibində telefon gəzdirən, noutbuku olan və internetə çıxışı olan hər kəs artıq xəbər istehsalçısına çevrilir. Lakin o, jurnalistika prinsiplərini gözləmir. Bu baxımdan, internetin inkişafı ilə mediada yeni çağırış və problemlər ortaya çıxıb", — deyə ekspert bildirib.

Sputnik-in radio proqramlarının redaktoru Natiq Məmmədli milli mətbuatın yarandığı tarixi şəraitdən danışıb: "Həsən bəy Zərdabi maarifçiliyə teatrdan başlamışdı. O, Axundovun əsərini səhnələşdirmişdi və maarifçilik ideyalarını yayaraq xalqı cəhalətdən çıxarmaq niyyətində idi. Teatr onun üçün bir vasitə idi, lakin bu, bir fayda vermədi və kütləvi maraq yaranmadı. Sonra millət yanğısından irəli gələrək qəzet buraxmaq qərarına gəldi".

N. Məmmədli qeyd edib ki, o dövrdə mətbuatın üzərinə böyük yük düşürdü: "Nəzərə almaq lazımdır ki, erməni və gürcü dillərində milli qəzetlər "Əkinçi"dən 60 il əvvəl yaranıb, Rusiyanın mətbuat tarixi 18-ci əsrə gedib çıxır. Bu statistika o vaxtkı müsəlman cəmiyyətinin nə qədər geri qaldığını göstərir. Milli düşüncənin olmaması, hələ formalaşmaması maarifçi ziyalıların işini çətinləşdirirdi".

Tədbirdə çıxış edən "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva diqqəti xaricdə Azərbaycan həqiqətlərinin yayılmasına yönəldib: "Başqa xarici jurnalistlər bizim haqqımızda yazanda, biz bunu göydəndüşmə bir hal kimi qarşılayırıq. Lakin onların məqalələrini oxuyanda görürük ki, orada dəhşətli səhvlər var. Bizim ən azı özümüz haqqında informasiyaları obyektiv şəkildə dünyanın informasiya vasitələrinə getməsini təmin etmək imkanımız yoxdur".

"Nə qədər ki bizimlə bağlı informasiyaları xaricdə özləri istədiyi kimi interpretasiya edib verirlər, biz fəxrlə danışa bilmərik ki, bizdə informasiya məkanında hər şey gözəldir və kütləvi informasiya vasitələri inkişaf edir", — İB sədri bildirib.

Ü. Abdullayeva hesab edir ki, ölkədə çoxdilli jurnalistikanı inkişaf etdirmək lazımdır. "KİV-ə dəstək üçün ayrılan vəsaitlərin ayrı-ayrı jurnalistlərin inkişafına, onların dil imkanlarının genişləndirilməsinə yönəlməsi daha yaxşı olar".

Qeyd edək ki, dəyirmi masa 22 iyul Milli Mətbuat gününə həsr olunub.

Xəbər lenti
0