Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Beləcə 141 il...

© Sputnik / Murad OrujovJurnalistlər
Jurnalistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Biz özgə qapısı deyilik, sizin özünüzük. Danışan diliniz, dodaqaltı pıçıltılarınız və ürəyinizdən keçənlərik.

BAKI, 22 iyul — Sputnik. Çalışdığım redaksiyalardan birinə şikayətçi gənc ər-arvad gəlmişdi. Qadın şəxsi avtomobili ilə hərəkətdə olarkən, yolda bir idmançı qaqaş onu öz maşını ilə küncə sıxışdırmış, yoluna çıxmış, bununla yetinməyərək ağır söyüşlərlə təhqir etmişdi. Hər şey qadının avtomobilində quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınmışdı.

Adamlar - Sputnik Azərbaycan
YAZARLAR
Heyif deyil bizim millət?!

Xanım oradan birbaşa yaxınlıqdakı polis bölməsinə yollanaraq, başına gələnlərdən şikayətçi olmuş və hadisəni törədən şəxsin cəzalandırılmasını tələb etmişdi. Polis ondan izahat aldıqdan və kamera görüntülərini götürdükdən sonra, evinə yola salmışdılar ki, "narahat olma, qısa müddətdə ədalət yerini tapacaq".

Lakin üstündən bir aya yaxın müddət keçsə də, nə suçludan, nə polisdən, nə də ədalətdən bir xəbər çıxır. Qadın əri ilə birgə yenidən polisə yollanır, durumla maraqlanır. Bu dəfə isə eşitdikləri cavabdan sarsılırlar: "Nə biz bu işi qazıyaq, nə siz! Nə öz başınızı ağrıdın, nə də bizim! Olmamış kimi davranın və çıxın ev-eşiyinizə gedin". Şikayətçilərin inadı isə, onların özlərinin "başlarının ağrıyacağı" xəbərdarlığına səbəb olur.

Ailənin, üzləşdiyi haqsızlıqla bağlı başqa instansiyalara şikayətləri də nəticəsiz qalmışdı. Və mətbuat onların son ümid yeri idi. Qapımızı (xalqın qapısını) döyüb tapdanan haqlarının bərpası üçün yardım istəməyə gəlmişdilər.

Onlara gücümüz yetdiyi qədər yardım edəcəyimizi, haqq səslərini aidiyyəti qurumlara, bütün ictimaiyyətə çatdıracağımızı və ədalət yerini tutanadək bu işin üzərinə gedəcəyimizi bildirdik. Qarşılığında isə çox sadə (əslində normal cəmiyyətlərdə olmamalı olan) bir ricada bulunduq — sonadək hüquqlarınız uğrunda mübarizə aparın və bizi yarı yolda buraxmayın. İkisi bir ağızdan xüsusi and-amanla bizi əmin etdi ki, "bu yolda öldü var, döndü yoxdur".

Başladıq. Şikayətçilərin dilindən hadisəni qələmə aldıq, paralel olaraq müvafiq strukturlara işin araşdırılıb-araşdırılmadığına dair sorğular göndərdik. Bu məlumatlar əsasında ilk yazı işıq üzü gördü. Ardınca qadına qarşı zorakılıq edən idmançının kimliyi barədə önəmli faktlar əldə edərək, bunun anonsunu vermişdik ki…

Redaksiyaya zəng gəldi. İki gün öncə şikayətçi qismində gələn ailənin kişisiydi. İşlərinin düzəldiyini və təşəkkür üçün aradığını düşündük…

O mənzərəni təsvir etmək o qədər çətindir ki, qeyri-etik ifadələrdən istifadə etməmək üçün özünü güclə ram edirsən. Oğlan bizim haranın nələri olduğumuzu, hansı haqla onun xanımının adını belə "çirkin işlərdə" hallandırdığımızı, dərhal yazıların ortadan yığışdırılmasını və əvəzində üzrxahlıq qeydi dərc etməyimizi, əks halda başımıza "itin oyununu" açacağını deyirdi.

Bu cür situasiyalarla ilk dəfə qarşılaşmadığımız üçün, şokdan ayılmağımız uzun zaman aparmadı. Kollektiv şəkildə qərara aldıq ki, əli hər yerdən üzüləndə medianın qapısının ağzını kəsdirən, bir yeri qapı arasında qalanda, yaxud işi düzələndə isə jurnalisti ayağa verməkdən heç bir vicdan əzabı duymayan bu insanlara qarşı ən sərt mövqe sərgiləyək.

Yasdakı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Məni ölməyə qoymayın...

Elə də etdik. Nə yazıları ortadan qaldıracağımızı, nə təkzib verəcəyimizi, nə də bu ipin ucunu buraxacağımızı bəyan etdik. Adam təkrar redaksiyaya gəldi, arvadı da yanında. İlk dəfə gəldiyi kimi — boynubükük, sındırılmış, əzilmiş. Amma ilk dəfədən fərqli olaraq bu dəfə həm də ümidsiz.

Onları başa düşməli olduğumuzu, təhdid olunduqlarını dedilər. Redaksiyanı şantaj edərək öz yolundan döndərməyəcəkləri halda, daha ciddi problemlərlə üzləşəcəklərinə dair xəbərdarlıq aldıqlarını bildirdilər. Davalarından əl çəkdiklərini bəyan etdilər. "Nə biz bu işi qazıyaq, nə siz! Nə öz başınızı ağrıdın, nə də bizim! Olmamış kimi davranaq və çıxıb ev-eşiyimizə gedək" — deyə yalvardılar.

Biz də davamızı dayandırdıq. Qorxu, təhdid, potensial təhlükə qarşısında deyil. O qadının göz yaşları qarşısında. Və bir də içimizdə sınıb tökülən ümidlərin altında qaldığımız üçün.

Bu, şəxsən mənim jurnalist karyeram dövründə üzləşdiyim ilk və son belə hadisə deyildi. Bütöv tamaşanın kiçik bir epizodu idi. Ümumi mənzərəni əks etdirən bir epizod.

Amma, bir şeyi bilməyinizi istəyirik: Biz ölkəmizi, xalqımızı, cəmiyyətimizi, dövlətimizi sevirik. Bizim dərdimiz bu məmləkətin sabahının bu günündən daha gözəl olmasıdır. Bizim çabalarımız bu ölkənin bir fərdinin digərinin haqqına girməməsi naminədir.

Biz özgə qapısı deyilik, sizin özünüzük. Danışan diliniz, dodaqaltı pıçıltılarınız və ürəyinizdən keçənlərik. Məmləkətimizin bir fərdinin dərdi bizim ürəyimizdən süzülə-süzülə digərinə ötürülür. Süzülmüş və daha neqativ qatqılardan arınmış halda. Beləcə 141 ildir…

Bu gün bizim günümüzdür, əziz həmvətənlər. Sizin də bizi sevdiyinizi bilirik. Bizim söykənəcəyimiz, güc mənbəyimiz sizsiniz. Ona görə də həm sizlərin, həm də bizlərin adından: Milli Mətbuat Günümüz mübarək!

Xəbər lenti
0