BAKI, 20 iyul — Sputnik. WikiLeaks portalı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) elektron poçtundakı məlumatları yayımlayıb. Sputnik RİA-ya istinadən xəbər verir ki, burada 290 mindən artıq məktub var.
Bir qədər əvvəl bildirilmişdi ki, WikiLeaks Türkiyə siyasi hakimiyyətinin strukturlarına aid yüz mindən artıq sənədi açıqlayacaq. Daha sonra təşkilat dəqiqləşdirib ki, 500 min sənəd və 300 min elektron məktub işıq üzü görəcək.
"Sənədlərin ilkin hissəsi özündə A-dan I hərfinə qədərki 762 poçt qutusundan əldə edilmiş 294 548 elektron mesajı və çox sayda əlavə faylı birləşdirir. Elektron məktublar AKP-nin əsas domeni olan "akparti.org.tr" saytından götürülüb.
"Ən sonuncu mesaj 6 iyun 2016-cı il tarixinə aiddir. Ən köhnə material isə 2010-cu ildəndir. Qeyd etmək lazımdır ki, bu domenlə əlaqədar olan elektron məktublar əsasən daxildə həssas olan dünyəvi məsələlərlə əlaqədardır" — deyə WikiLeaks portalında bildirilir.
"Bəli, biz yenə kiberhücumlara məruz qalırıq və mütəmadi olaraq onların qarşısını alırıq", — deyə WikiLeaks-in Twitter-dəki mikrobloqunda yerləşdirilmiş məlumatda qeyd olunub.
Bununla belə, sayta giriş məqsədilə mikrobloqda qoyulmuş keçiddən elektron məktubların yayımlandığı səhifəyə daxil olmaq imkanı aktiv deyil. Bu məktublar Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə əlaqədar aparılan kütləvi həbslərin fonunda yayımlanıb.
Türkiyə Rabitə və Telekomunikasiya İdarəsinin nümayəndəsi WikiLeaks saytına ölkə ərazisində girişə qadağa qoyub. İdarə rəsmisi bildirib ki, buna səbəb saytın Türkiyə hökumətinə aid məxfi məlumatları yaymasıdır. Sayta girişə qadağa qoyulması ilə bağlı hökumət səviyyəsində qərar qəbul olunub.
Xatırladaq ki, ötən cümə günü Türkiyədə bir qrup hərbçi hakimiyyətə ələ keçirməyə cəhd göstərib və onların cəhdi baş tutmayıb. Türkiyə hakimiyyəti bu üsyana görə, ABŞ-da yaşayan Fətullah Gülənin təşkilatını günahlandırıb. Gülən özü isə bu iddianı təkzib edib.
WikiLeaks — anonim mənbələrdən və sızdırılmış məlumatlardan əldə etdiyi gizli informasiyaları yayan beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Sayt 2006-cı ildə Culian Assanj tərəfindən yaradılıb.