BAKI, 19 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş cəhdinin detallarını açıqlayıb.
Sputnik Türkiyənin "Cumhuriyyet" qəzetinə istinadən bildirir ki, TSK-nın yaydığı rəsmi məlumatda aşağıdakılar qeyd olunur:
"Bu çevriliş cəhdi hər nə qədər Türkiyə Silahlı Qüvvələrinin bazasında başlanmış olsa da, bunu həyata keçirməyə çalışan satqınların xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrində vətənini, millətini, bayrağını sevən əksəriyyətlə qətiyyən heç bir əlaqəsi yoxdur.
İyulun 15-də saat 16:00-da Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən verilən məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar, Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak, Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Güler tərəfindən dəyərləndirilib.
Ancaq bütün bunlara baxmayaraq, içərimizdə şişə çevrilmiş bir qrup xain özlərinə əmanət edilmiş və düşmənə qarşı istifadəsi zəruri olan silahlardan dövlətimizə, silah yoldaşlarına və xalqımıza qarşı yararlanmağa belə tərəddüd göstərməyiblər. Bu qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlər (FETO) Baş Qərargah rəisini 2 saylı sənədi imzalaması və televiziyada oxuması üçün təhdid ediblər. Ancaq xainlərin bu tələbləri Baş Qərargahı rəisi tərəfindən təhqiramiz ifadələrlə, sərt etirazla rədd edilib.
Yüksək siyasi liderlik, Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladları, qəhrəman polis və millətimizin terrorçu xainlərlə mübarizəsi nəticəsində bağrımızda bəslədiyimiz ilanlara layiq olduqları cavab verilib. Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələrinə, millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar. Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi çərçivəsində dövlətimizin və millətimizin əmrində vəzifəsinin başındadır".