BAKI, 19 iyul — Sputnik. Türkiyədə 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vuran iki pilot həbs edilib. Sputnik-in xəbərinə görə, bu barədə Türkiyənin yüksək vəzifəli məmurlarından biri məlumat verib.
"Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" təyyarəsini vuran iki türk pilot saxlanılıb", — deyə mənbə bildirib.
Türkiyənin "Hürriyet" qəzetinin yazdığına görə, ölkənin hava sərhəddini pozduğu üçün vurulan Rusiya döyüş təyyarəsinin pilotunu öldürdüğü iddiası ilə Alparslan Çelik haqqında yenidən başlanan istintaq, çevrilişə cəhddən sonra yeni məna kəsb etməyə başlayıb. Terror və Cinayətə Təşviq Bürosunun prokuroru Berkant Karakaya, bu cinayət işinə bəzi qəzetlərdə çıxan xəbərlər və Rusiya rəhbərliyinin açıqlamalarından sonra çevriliş cəhdinə qatılan əsgərləri də əlavə edib.
Alparslan Çelik haqqında prokurorluğun "ağır təhrik altında adam öldürmə" ittihamı üzrə iş apardığı ortaya çıxıb. Yeni iddia və dəlilləri təsdiqləyən prokuror Berkant Karakaya, Alparslan Çelik haqqında çıxardığı təqib etməmək qərarını ortadan qaldırıb. İndiyə qədər İzmir 27-ci Cəza Məhkəməsində haqqında "Odlu silah gəzdirmək" ittihamı ilə 9 ilə qədər həbs cəzası istənilən Alparslan Çelik, başqa cinayətlərlə bağlı həbsxanada saxlanılır.
Prokuror Berkant Karakaya, bəzi qəzetlərdə Rusiya təyyarəsinin vurulması ilə bağlı çevrilişə cəhd edən hərbçilərin, Türkiyəni çətin vəziyyətdə qoymaq üçün bu addımları atdıqları barədə iddialar yer aldıqdan sonra istintaqı genişləndirib.
İstintaqın genişləndirilməsinə digər səbəb isə rusiyalı mütəxəssislərin buna bənzər açıqlamaları olub. Berkant Karakaya, Rusiya təyyarəsinin vurulduğu gün vəzifə başında olan hərbçilərin adlarının siyahısını Baş Qərargah İdarəsindən tələb edəcəyini bildirib.
"Əgər həmin adamlar arasında hazırda çevriliş cəhdi ilə bağlı həbs olunanlar varsa, onlarla bağlı cinayət işi açılacaq" — deyə prokuror bildirib.
Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu iddia olunan Rusiyanın "Su-24" qırıcısı türk hərbçilər tərəfindən vurulub. Nəticədə rus pilotlardan biri təyyarədə həlak olub. Katapult edən ikinci pilotun isə qeyri-rəsmi silahlı birləşmələrin üzvü olduğu güman edilən Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir.
Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdi. İyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotların ailəsindən üzr istəməsindən sonra, iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.