BAKI, 10 iyul — Sputnik. Suriyada “Mи-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar polkovnik Rəfaqət Həbibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus “Mи-25” helikopteri ilə Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, — deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, heyət həlak olub.
Bu hadisə ilə bağlı polkovnik Rəfaqət Həbibullinin doğulub böyüdüyü Rusiyanın Krasnodar diyarında matəm elan olunub.