BAKI, 15 iyul — Sputnik. Fransanı qana boyayan terrorçunun kimliyi müəyyənləşib. Sputnik xəbər verir ki, Fransa mətbuatı terrorçunun adının Mohamed Lahouaiej Bouhlel olduğunu yazıb.
Digər tərəfdən, Fransa mediasında hücumda istifadə olunan yük maşınının terrordan bir gün əvvəl icarəyə götürüldüyü yazılıb. Digər bir məlumata görə isə, yük maşınında ikinci bir şəxsiyyət vəsiqəsi olub.
Nitsa şəhərində yerləşən "Saint George" klinikasında çalışan bir işçi Sputnik-ə açıqlamasında deyib ki, xəstəxanada yaralıların çoxu xarici ölkə vətəndaşlarıdır. Burada fransızlarla yanaşı, İsveçrədən, Böyük Britaniyadan, İspaniyadan olan yaralılar var.
Almaniya kansleri Angela Merkel hücumdan sonra ilk açıqlamasında deyib: "Almaniya, digər bir çox ölkə ilə birlikdə terrorla mübarizədə Fransanın yanındadır. Bütün çətinliklərə baxmayaraq, bu döyüşü qazanacağımıza inanıram".