BAKI, 15 iyul — Sputnik. "Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".
Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb. "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", — deyə bəyanatda bildirilir.
"Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.
Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq", — XİN vurğulayıb.