BAKI, 14 iyul — Sputnik. Silah və digər məhsulların satılması baxımından Azərbaycan Rusiya üçün sərfəli tərəfdaşdır. Bunu iyulun 14-də Sputnik Mətbuat Mərkəzində, "Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin yekunları və regiondakı siyasi proseslərin cari dinamikası" mövzusunda keçirilən "Cənubi Qafqaz" politoloqlar klubunun 44-cü iclasında rusiyalı ekspert Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında uzunmüddətli münasibətlərin qurulması üçün zəmin var: "Azərbaycan bizim üçün iqtisadi, siyasi və mədəni baxımdan tam formalaşmış bir dövlətdir. Rusiyada Azərbaycanın dövlət idarəçiliyinin xüsusiyyətləri anlaşılır və normal qəbul olunur. Bundan başqa, Azərbaycan bizim üçün adekvak və proqnozlaşdırıla biləcək bir tərəfdaşdır. Bu baxımdan iki ölkə arasında uzunmüddətli münasibətlərin qurulması üçün zəmin var".
"Azərbaycan özünü həmişə ciddi iqtisadi tərəfdaş kimi göstərib. Xarici ölkələrlə bağlanan müqavilələrdə heç vaxt dəyişiklik edilməyib, iqtisadi oyunun qaydaları dəyişdirilməyib. Azərbaycan Rusiya üçün məhsullarının satılması baxımından önəmli və sərfəli tərəfdaşdır. Bu məhsullar ilk növbədə Azərbaycana satılan silahlardır", — Kuznetsov bildirib.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü Rusiya üçün şübhəsizdir: "Rusiya heç vaxt Qarabağın suverenliyi və işğal olunmuş ərazilərin Ermənistana məxsus olduğu haqda məsələ qaldırmayıb. Rusiyanın mövqeyi bir olub — Azərbaycanın ərazi bütövlüyü şübhəsizdir. Bu münaqişədə Azərbaycanın mövqeyi odur ki, torpaqlar qaytarılsın. Ermənistanın mövqeyi isə odur ki, "bizi məhv etməyənədək biz bu ərazilərdən çıxmayacağıq". Bu konteksdə Ermənistanı beynəlxalq qərarların yerinə yetirilməsinə məcbur etmək mexanizmləri yaradılır. Azərbaycanın mövqeyi tam anlaşılan, təbii və qanunidir. Ermənistanın mövqeyi isə adekvat olmayan insanın mövqeyi kimi qeyri-stabildir".
"Dağlıq Qarabağ münaqişəsinin həllinə məsuliyyət daşıyan ölkələr bölgədəki investisiyalarını qorumağa çalışır. Heç kim üçün sirr deyil ki, Ermənistan tam formalaşmış dövlət deyil, o, xarici dotasiyalar hesabına mövcuddur. Təbii ki, oraya pul yatıran ölkələrin də maraqları qeydə alınmalıdır. Bu baxımdan Minsk qrupu da vəziyyəti sakit saxlamaq istəyir ki, yatırılmış pullar təhlükədə olmasın. Böyük pullar sakitliyi sevir", — deyə o bildirib.
Siyasi icmalçı, professor Qulu Məhərrəmli isə Rusiya və Azərbaycan arasında intensiv dialoqun olmasını çox vacib hesab edir: "Son aylar Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin intensivləşməsi göz qabağındadır. O da dəqiqdir ki, heç kim Rusiyanın SSRİ-ni bərpa etmək istədiyini düşünmür. Heç Çar Rusiyasını da indi bərpa etmək mümkün deyil, amma bununla yanaşı, Rusiyanın yeritdiyi siyasət və onun geosiyasi maraqları keçmiş Sovet respublikalarında müəyyən qorxu yaradır".
Ekspertin sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı hərbi münaqişə Rusiyanın maraqlarına uyğun deyil: "Reallıq onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyir və hərbi əməliyyatların aktivləşməsini istəmir. Çünki aprel hadisələri göstərdi ki, hərbi əməliyyatların genişlənməsi müəyyən dərəcədə Rusiyanın da maraqlarına uyğun deyil".
İclasda iştirak edən politoloq Elxan Şahinoğlu isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər: "Üç həmsədr ölkə var, lakin münaqişəni Fransa və Amerika deyil, yalnız Rusiya həll edə bilər. Rusiya Ermənistanın strateji tərəfdaşıdır, bu baxımdan ona təsir edə bilər. Münaqişənin həlli mərhələli yol ilə getsə, bu, hamı üçün sərfəli olar".
Politoloqun sözlərinə görə, bu məsələdə Azərbaycanın alternativ yolu var: "Bir müddət gözləyəndən sonra yenidən aprel hadisələri təkrarlana bilər, Ermənistanın isə alternativi yoxdur. Ermənistan kompromisə getməzsə, biz yenidən başladığımız nöqtəyə qayıdacağıq".