BAKI, 13 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünən Bakıda Qarabağla bağlı səsləndirdiyi nikbin bəyanat yenidən bütün diqqətləri Qarabağ münaqişəsinə yönəldib. Rusiyalı həmkarı ilə görüşdən sonra Elmar Məmmədyarovun mətbuata pozitiv fikirlər bildirməsi cəmiyyətdə həyəcanın ölçüsünü bir az da artırıb.
Sergey Lavrovun açıqlamalarını Sputnik-ə şərh edən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, ortada müəyyən ciddi proseslər gedir, amma bunun nə olduğu, Lavrovun nə demək istədiyini aydınlaşdırmaq hələ çətindir: "Aprel hadisələrindən sonra Rusiya Dağlıq Qarabağ problemi ilə çox ciddi şəkildə məşğul olmağa başlayıb. Prezident Putinin özünün şəxsi iştirakı ilə görüşün keçirilməsi, bir-birinin ardınca Rusiyanın xarici işlər nazirinin hər iki ölkənin paytaxtına səfərləri, həmçinin problemin həlli ilə bağlı beynəlxalq təşkilatların diqqətini artırması bugünkü günün xarakterik məsələsidir".
"Ortada hansısa bir qaralamanın olduğu hiss edilir. Bunun nə olduğu, nəyi nəzərdə tutduğunu hələ demək çətindir", — deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tutduğu prinsipial mövqe danışıqları sürətləndirib: "Hazırki nikbin vəziyyətin yaranmasında ilk növbədə Azərbaycanın tutduğu prinsipial mövqe əsas rol oynayıb. Bununla belə problemin həllinin ancaq Ermənistanın işğal etdiyi torpaqlardan qoşunlarını çıxarması ilə mümkün olduğu barədə rəsmi Bakının ardıcıl bəyanatları ciddi şəkildə nəzərə alınıb".
"Bu mövqedən geri çəkilmə olsaydı, hesab edirəm ki, problem çoxdan Azərbaycanın xeyrinə olmadan həll edilə bilərdi. Bu isə Azərbaycana lazım deyil. Dünənki görüşdən sonra verilən bəyanatlar, az da olsa, ümid verir. Ancaq bununla belə, nə Azərbaycan rəhbərliyi, nə də ölkə ictimaiyyəti, Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnəcək hər hansı həllə heç vaxt getməyəcək. Və bunu Moskva çox yaxşı bilir", — deyə A. Mirzəzadə əlavə edib.
Millət vəkili Rusiyanın münaqişənin həllində nə üçün aktivləşdiyini isə belə izah edib: "Rusiyanın diqqətini artırmasında bir neçə məqam var. Birinci məqam, Ermənistanın apardığı siyasətin o ölkənin özünün zəifləməsinə və bir dövlət kimi artıq xəritədən silinməsinə hazır olması ilə bağlıdır. İkinci məqam, Azərbaycanın regionda lider dövlət olması və ümumən götürdükdə bölgədəki stabilliyin, inkişafın qarantı olması və Rusiyanın bu dövlətlə əməkdaşlıqda marağının artmasıdır. Üçüncüsü isə, Ermənistanın orta əsr təfəkkürü ilə apardığı siyasəti 21-ci əsrin siyasi mühiti ilə heç cür düzgün gələ bilməzdi. Və Ermənistan rəhbərliyinin bunu uzatması axırda siyasi iflasla nəticələnməliydi. Biz indi bunun nəticəsini görürük".
Millət vəkili Araz Əlizadə isə hazırki mənzərədən o qədər də məmnun deyil: "Ümidimiz Azərbaycan Prezidentinin məharətli diplomatiyasınadır. Başqalarından mədət ummaq lazım deyil".
Deputatın sözlərinə görə, Amerika və Rusiya nələrsə etməyə çalışır: "Elə etmək istəyirlər ki, mövcud vəziyyət yerindən tərpənsin, amma status-kvo qalsın".