BAKI, 14 iyul — Sputnik. Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi əlavə olunub. Sputnik Mədəniyyət və Turizm Nazirliyinin (MTN) rəsmi saytına istinadən xəbər verir ki, "Müharibə və sülh" adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb.
Bu şərəfə layiq görülən filmlər arasında Elçin Musaoğlunun "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi Qarabağ müharibəsi mövzusunu əks etdirən "Nabat" bədii filmi də var. Ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anın mərasimləri ənənəvi anım məkanı olan Xirosima Memorial Sülh Parkında keçiriləcək.
Film ingilis və yapon altyazıları ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcəklər.
"Nabat" bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.
Qeyd edək ki, beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan "Nabat" bugünədək 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.