BAKI, 26 may — Sputnik. "Böyük yeddilik" zirvəsində iştirak etmək üçün Yaponiyada olan Birləşmiş Ştatlar prezidenti Barak Obama bu ölkədən üzr istəyib. Buna səbəb mayın 19-da Okinava adasında ABŞ hərbi bazasının qulluqçusunun 20 yaşlı yapon qızı öldürməsidir.
Sputnik Dailymail-ə istinadən xəbər verir ki, Obama Yaponiyanın baş naziri Şinzo Abe ilə söhbətində baş vermiş hadisəyə görə üzrxahlıq edib. "Mən ən dərin hüznlə ailəyə və həlak olmuş şəxsin dostlarına baş sağlığı verirəm", — deyə Ağ ev rəhbəri bildirib.
Məsələ ilə bağlı Yaponiya Xarici İşlər Nazirliyi də açıqlama verib. Açıqlamada qeyd olunur ki, yapon hökuməti ABŞ-ın hərbi strukturlarında intizamın gücləndirilməsini və gələcəkdə belə hadisələrin təkrar baş verməsinin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, Yaponiya polisi mayın 19-da Kadendəki ABŞ hərbi bazasının qulluqçusunun, apreldə itkin düşmüş 20 yaşlı qızı öldürülməsində şübhəli bilərək həbs edib. Hadisə Yaponiyada böyük əks-səda doğurub.
Artıq Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter və Amerikanın Sakit okeandakı hərbi birləşmələrinin komandanlığı bu xoşagəlməz olaya görə üzrxahlıq ediblər.