BAKI, 12 iyul-Sputnik. Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib.
Sputnik-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirib. Onun rəqibi isə Lüksemburq çempionu "Düdelanj" olub.
Oyuna fəal başlayan ağdamlılar ilk dəqiqələrdən irəli atılıblar. Əvvəlcə Daninin cərimə meydançasına qədər gətirdiyi topa Muarrem zərbə endirsə də, top az fərqlə qapının üstündən keçib.
Bir neçə dəqiqə sonra isə çempionumuz hesabı açıb. 10-cu dəqiqədə sürətlə cərimə meydançasına şığıyan Riçard Almeydayanı rəqib müdafiəçilər kobudluqla dayandırıblar. Zərərçəkmiş özü penalti zərbəsini dəqiq yerinə yetirib.
Qoldan 17 dəqiqə sonra Almeyda yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Daninin sağ cinahdan ötürməsini yaxşı saxlayan braziliyalı qapıya qarşısıalınmaz zərbə endirib.
İlk hissədə daha bir neçə epizod olsa da, hesab dəyişməyib.
İkinci hissə gözlənilənin əksinə olaraq çox sönük keçib. Ona lazım olan hesabı qaznanan ağdamlılar hücuma o qədər də maraq göstərməyiblər. Rəqib komanda da mövcud status-kvo ilə razılaşıb və hesabı öz xeyrinə dəyişməyə cəhd göstərməyib.
Oyun 2:0 hesabı ilə qarabağlıların xeyrinə (Qollar: Almeyda, 10 (pen.), 27) başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu baş hakim Orel Qrinfild idarə edib.
Sözügedən oyununda maraqlı anlar da yaşanıb. Ağdam klubunun azarkeşləri aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovu yad ediblər.
Stadionda bu gün 44 yaşı tamam olan zabitin şəkli həkk olunmuş pankart açılıb.