BAKI, 12 iyul — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb. UNEC-in Marketinq və Kommunikasiya Departamentini direktoru Rasim Şərifov deyib ki, Azərbaycanda ilk dəfə olaraq QHT rəhbərləri Əliməmməd Nuriyev, Etibar Əliyev və təhsil eksperti, professor Şahlar Əsgərov tərəfindən irəli sürülən və İqtisad Universitetinə təqdim olunan bir layihə əsasında yeni bir şura yaradılıb.
""UNEC İctimai Nəzarət Şurası" adlanan bu şuranın məqsədi imtahanlar zamanı tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyinə nəzarət etmək idi. Şurada Azərbaycanın tanınmış təhsil ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələri təmsil olunub", — R. Şərifov bildirib.
Şura üzvləri — əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziyanın departament direktoru Zaur Mahmudov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qazet"in müxbiri Sevinc Qarayevadır.
Yay sessiya imtahanlarının nəticələrini təqdim edən Etibar Əliyev imtahanların nəticələrinin müsbət olduğunu dilə gətirib: "Təhsil Nazirliyinin 11 may 2016-cı ildə imzaladığı sərəncam universitetlərdə keçirilən imtahanlara nəzarət və şəffaflığın qorunması üçün QHT nümayəndələri, təhsil ekspertləri, KİV nümayəndələrinin iştirakına icazə verir. Buna əsasən biz bu şuranı yaratdıq".
"Şura üzvləri imtahan sessiyası bitənə kimi tələbələrlə fərdi söhbətlər aparıb, imtahan sessiyasının monitorinqi həyata keçirib və ali məktəbdə keçirilən açıq qapıda iştirak ediblər. 12 min tələbə imtahanlarda iştirak edib. Bu tələbələrin 8-10 faizi sessiyanı kəsirlə bitirib. Apellyasiya Komissiyasına 3500 ərizə daxil olub. Bunların 1400-ü həllini tapıb, 1200-ü həllini tapmayıb, yerdə qalan ərizələr isə hal-hazırda baxılmaq ərəfəsindədir. Ümumilikdə imtahanların gedişi yüksək səviyyədə olub və nəticələrdən həm müəllimlər, həm də tələbələr razı qalıblar".
Şuranın digər üzvü Arzu Nağıyev bildirib ki, tələbələrin bəziləri imtahan suallarının çoxluğundan şikayət edib: "İmtahanlar 700 testdən ibarət olur. Amma tələbələr testlərin çoxluğundan şikayətlənib və testlərə 500 sualın salınmasını istəyirdilər. Gələcəkdə buna baxılacaq. Bir də rus bölməsinə tərcümə olunan suallarda səhvlər və çətinliklər olurdu, bunu biz aidiyyəti dekanatlıqlara müraciət edib düzəlişlər etdik. Əsas məsə ondan ibarətdir ki, İqtisad Universiteti haqqında yaranan mənfi mif bu imtahanlar zamanı sındı".
Professor Şahlar Əsgərov belə şuranın yaradılmasının vacibliyini və təhsildə inkişafa aparan bir yol olduğunu bildirib: "Təhsildə yeniliklər üçün mühiti dəyişmək və uğurlu layihələr həyata keçirmək lazımdır. Məhz Şuranın yaradılması da belə layihələrdən biri sayıla bilər".
Tədbirdə digər Şura üzvləri də imtahanların nəticələrindən razı qaldıqlarını bildirib, gələcəkdə bu işi davam etdirəcəklərini dilə gətiriblər.