Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təntənəli şəkildə məzun günü keçirildi. Heydər Əliyev adına idman-konsert kompleksində baş tutan tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri Aydın Mirzəzadə, Əli Məsimli, UNEC-in rektoru Ədalət Muradov, müəllim heyəti və məzunların valideynləri iştirak edirdilər.
UNEC-in professor-müəllim heyətindən təbrik paylarını alan məzunlara əldə olunan nəaliyyətlərlə kifayətlənməyərək, professional kadrlara çevirilmək üçün bundan sonra da elmə yiyələnməyə davam etmək tövsiyə olundu.
Sputnik əməkdaşı ilə söhbətində Universitetin "Əmtəəşünaslıq və ticarət" fakültəsinin dekanı Tofiq Osmanov məzunlara gələcək həyat yolunda layiqli yer tutmaq və ayaq üstə möhkəm dayanmağı arzuladı: "Daha bir il keçdi və biz yenidən tələbələrimizn növbəti məzun günündəyik. Onları ürəkdən təbrik edir və deyirəm: unutmayın ki, biz sizə ürəyimizin bir parçasını verdik, təhsil verdik ki, sizi gözləyən gələcəkdə özünüzə layiqli yer tuta biləsiniz və bu dövlətə layiq vətəndaş ola biləsiniz".
Məzunlar təkcə bu gün üçün yox, bütün təhsil aldıqları müddətdə onlara enerjilərini sərf edərək elm verən bütün professor-müəllim heyətinə minnətdarlıqlarını bildirdilər.
"Mən çox şadam ki, məhz UNEC-i bitirirəm. Bu elm ocağının divarları arasında keçirdiyim hər il mənim üçün yadda qalan oldu. Bizə əziyyət çəkən hər bir şəxsə minnətdaram", — deyə məzun Aytən İsmiyeva bildirdi.
Bayram tədbiri əyləncəli proqramla da zəngin idi. Xatırladaq ki, UNEC-də 11 fakültə və 40 kafedra fəaliyyət göstərir. Bu elm ocağında 461 professor və fəlsəfə doktoru çalışır.