BAKI, 11 iyul-Sputnik. Avro-2016-nın final matçı Portuqaliyanın qələbəsi ilə başa çatıb.
Paris yaxınlığındakı Sen-Deni şəhərində yerləşən "Stad de Frans" stadionunda çempion titulu uğrunda mübarizə Portuqaliya — Fransa arasında gedib.
Final qarşılaşmasının ilk dəqiqələrində Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo zədələnərək meydanı tərk edib.
Oyunun 109-ci dəqiqəsində Portuqaliya yığmasının fovardı Eder hesabı açıb.
Sayca 15-ci qitə çempionatının budəfəki qalibi Portuqaliya olub. Və o qitə çempionatındakı ilk qızıl medalını qazanıb. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olub. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olublar.
Ümumilikdə Fransa və Portuqaliya milliləri tarixdə 25 dəfə üz-üzə gəliblər. Fransa millisi son 10 qarşılaşmada qələbə qazanıb.
Portuqallar 2004-cü ildə Avropa Çempionatının finalına çıxsalar da, öz meydançalarında yunanlara məğlub olublar.