BAKI, 8 iyul-Sputnik. Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası iyulun 9-10-da təşkil ediləcək "Luxembourg Open" beynəlxalq turnirində iştirak edəcək.
Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "G1" kateqoriyalı turnir həm reytinq xalları, həm də "Rio-2016" Yay Olimpiya Oyunlarından əvvəl taekvondoçular üçün mühüm əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib.
Məşqçilər yarışda Məcid Sofiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami, Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayevə (87 kq-dan yuxarı) şans verəcək.
Qadın taekvondoçuların yarışında isə ölkəmizi yalnız Fəridə Əzizova (67 kq) təmsil edəcək. İdmançımızın klubdakı məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb.
Qeyd edək ki,taekvando yığma komandamız iyulun 12-də Vətənə qayıdacaq. F.Əzizova isə Serbiyadan gələn dəvətə əsasən, bu ölkənin Olimpiya lisenziyalı idmançısı Milika Mandiç ilə birgə 10 günlük təlim-məşq toplantısına qatılmaq üçün Lüksemburqdan Belqrada yollanacaq və Olimpiya Oyunlarına hazırlığını davam etdirəcək.