BAKI, 5 iyul — Sputnik. "İnsan övladının təqvaya çatması, kamilləşməsi üçün ən mühüm amillərdən biri oruc tutmaqdır". Bunu iyulun 5-də Sputnik Mətbuat Mərkəzində "Ənənələr və Ramazanın sosial anlamı" mövzusunda keçirilən mətbuat konfransında teoloq hacı Adil Hüseynoğlu deyib.
Onun sözlərinə görə, Ramazan ayının ənənəvi tarixi hələ İslamdan qabaq insanlar arasında mövcud olub: "İudaizmdə, xristianlıqda Ramazan ayı olmasa da, orucluqluq anlayışı olub. Bu da birbaşa Quranda deyildiyi kimi insanların təqva sahibi olmasına xidmət edən bir amildir".
Teoloq bildirib ki, oruc tutmaq insanı Allaha daha da yaxınlaşdırır: "Buradan orucluğun ictimai və əxlaqi təsiri ortaya çıxır. İnsan 17 saatdan artıq ac qalır və ac qaldığı müddətdə fikirləşir ki, dünyada elə insanlar var ki, heç iftar vaxtı da onun yeməyə heç nəyi yoxdur. Orucluq insana bu təfəkkürü verir. Allah insanlara öz nemətlərini kasıblarla bölüşmə vəzifəsini aydın edir".
Adil Hüseynoğlu, həmçinin müsəlmanları sədəqə verməyə və fitrə çıxarmağa çağırıb: "Ramazan Bayramın ən vacib əməllərindən biri insanların fitrə çıxarmasıdır. Bu, sədəqə vermək və görülən digər əməllər insanı kasıblarla bərabərləşməyə, onların acısını bölüşməyə sövq edir".
Teoloq Əkrəm Həsənov isə bəzi qüvvələrin bu bayramda da problem yaratmağa çalışdığını bildirib: "Qeyd edim ki, Ramazanın başlanması və bitməsi ayın görsənməsindən asılıdır. Bu, digər ölkələrdə olduğu kimi, bizdə də problemli olur. Bizdə Şamaxı astrofizika rəsədxanası ayın görünməsini təyin edib Qafqaz Müsəlmanları İdarəsinə bildirir. İdarə isə bunu nazirliyə bildirir və ayın başlanğınc və son günləri təyin olunur. Amma müxtəlif ölkələr təyziqlə bu bayramda da ayrıseçkilik salmaq istəyirlər".
Əkrəm Həsənov onu da bildirib ki, Azərbaycanda həmçinin digər din nümayəndələri yaşayır və hamıya öz adət-ənənələrinə uyğun davranmağa imkan verilir. Onun sözlərinə görə, bu multikulturalizm bundan sonra da davam etməlidir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr — Ramazan bayramının Şəvval ayının 1-i — Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.