BAKI, 3 iyu1 — Sputnik. Azərbaycanda turizmin inkişafı uzun illərin arzusu olmaqla yanaşı, bu il həm də hədəf kimi qarşıya qoyulmuşdu. Türkiyə ilə Rusiya arasında yaşanan gərginlikdən dolayı, rus turistlərin ölkəmizə axın edəcəyinə ümid edənlər də az deyildi.
Artıq yay mövsümü başlayıb, lakin nədənsə ölkənin turizm bölgələri yetərincə turisti qonaq edə bilməyib. İstər paytaxtda, istərsə də müxtəlif bölgələrdə əcnəbi turistlərə rast gəlinsə də, bu, lazımi miqyasda deyil.
Lakin, müsbət tendensiyalar da müşahidə olunur. Ümumiyyətlə, bu sezonda Azərbaycan nə qədər turisti ağırlayıb? Daha çox hansı ölkələrdən turistlər cəlb edə bilmişik? Və hotellərimiz, turizm müəssisələrimiz qonaqları nə dərəcədə razı sala bilib? Sputnik-in əməkdaşı bu suallara cavab tapmağa çalışıb.
"Silk Way Travel" şirkətindən əldə etdiyimiz məlumata görə, son zamanlar ölkəmizə İraq, İran, Rusiya, BƏƏ, Qətər, İsrail, İtaliya və Avstraliyadan gələn turistlərin sayında artım müşahidə olunub. Qeyd olunub ki, bunun da səbəbi ölkəmizdə turistlər üçün əlverişli şəraitin yaradılmasıdır.
"Xüsusilə, Qızılqaya, Babadağ və Bazardüzü dağına dırmanma, qədim və müasir Bakı və əfsanələr şəhəri Naxçıvana turlar, kulinariya turları, Qobustan, Abşeron üzrə 1 günlük ekskursiyalar, Qobustanın palçıq vulkanlarında avto-ralli turlar və s. Azərbaycana turistlərin cəlb edilməsində böyük rol oynayır", — deyə şirkətdən bildirdilər.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə isə, son dövrlərdə Azərbaycana Rusiya, Gürcüstan və Türkiyədən gələn turistlərin sayı artıb: "Umumimikdə son 3-4 ay ərzində Azərbaycana gələn xarici turistlərin onluğu belədir: Rusiya, Gürcüstan, Türkiyə, İran, Ukrayna, Birləşmiş Krallıq, Qazaxıstan, Özbəkistan, ABŞ və Almaniya".
Turizm üzrə ekspert Ruslan Quliyev əməkdaşımızla söhbətində bildirdi ki, İran Körfəzi ətrafında yerləşən ölkələrdən Azərbaycana turist səfərlərində 27-30 faiz artım müşahidə olunur: "Aviasiya biletlərinin qiymətlərinin tənzimlənməsi və turizmin uğurlu yol xəritəsinin hazırlanması ölkədə orta və kiçik sahibkarlığın inkişafı və daha çeşidli turizm bazarının yaranmasına səbəb olub. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn kimi ölkələrdən gələn turistlərin sayı çoxalıb".
Ekspertin sözlərinə görə, siyasi proseslər, yaxud təbiət hadisələri turizmin səviyyəsinə təsir edə bilir: "Amma turizmin immunitet qabiliyyəti də çox güclüdür. Bəli, ölkəmizdə mədəni və idman tədbirlərinin sıx keçirilməsi ölkənin təhlükəsiz olduğunu göstərir və turistlərin etibarını qazanırıq. Bu da daha çox turist axınına gətirib çıxarır".
Azərbaycan Turizm Assosasiyasının (ATA) sədri Nahid Bağırov isə Sputnik-ə açıqlamasında, hazırda ölkəmizdə turizmin inkişafının bir neçə səbəbi olduğunu deyib: "Bir neçə il öncə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm Assosasiyasının birgə layihəsi olaraq Dubayda Azərbaycan turizm nümayəndəliyi yaratdıq. Bu nümayəndəlik vasitəsilə bütün ərəb dövlətlərində Azərbaycan turizminin təbliğatı ilə məşğul idik. 4-5 illik təbliğatımızın nəticəsi artıq öz bəhrəsini verir. Nəhayət yavaş-yavaş nəticələri görürük".
Assosasiya rəhbəri turizmin inkişafının digər iki səbəbini belə izah edib: "Eyni zamanda manatın dollar və avroya nisbətən aşağı düşməsi, vizaların sadələşdirilməsi bu sahənin canlanmasına öz təsirini göstərdi. Habelə, hotellerimizin qiymətlərinin Avropa hotellerinə baxanda ucuz olması, qiymətlərin münasibliyi turistlərin diqqətini çəkir".
"Əvvəllər yay mövsümündə 30-40 faiz hotellerdə yerlər dolurdu. Sevindirici haldır ki, bu il Ramazan bayramı münasibəti ilə bayramı keçirmək üçün ərəb ölkələrindən cox sayda turist artıq biletini alıb və hotellərimizdə nömrə sifariş verib. Bakı hotellərində artıq boş yer tapmaq mümkün deyil".