BAKI, 30 iyun — Sputnik. Yaxın vaxtlarda Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması gözlənilir. Hazırda yeni dövlət qurumunun yaradılma detalları — onun hansı qurumların bazasında yaradılacağı və əhatə edəcəyi funksiyalar müzakirə edilir.
İlkin məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji xidmətinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq strutkurlarının və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin bazasında yaradılacaq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə bu sahədə vəziyyət yaxşı deyil: "Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Baxmayaraq ki, beynəlxalq təşkilatlar təşəbbüs göstərib qanun layihəsi hazırlayıb verib. Hökumət qurumları arasında müzakirə olunur, lakin məsələ hələ də qalıb".
"Həmin qanun layihəsində ekspertizanın müstəqilliyi, sertifikat verən orqanın müstəqilliyi və s. nəzərdə tutulub. Bu gün ölkədə təhlükəli ərzaq malları var, normal və müstəqil ekspertiza isə yoxdur", — deyə E. Hüseynov bildirib.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə də, Azərbaycanda qida təhlükəsizliyi və onun satılıb istehlak edilməsi ilə bağlı problemlər var. "Qida təhlükəsizliyi yalnız qidanın keyfiyyətini əhatə etmir, eyni zamanda vətəndaşların ərzağa çıxış imkanlarının təmin edilməsi baxımından vacibdir. Amma bu gün qida təhlükəsizliyi ilə bağlı diqqət çəkən məsələlərdən biri ciddi problemlərin olmasıdır", — ekspert Sputnik-ə açıqlamasında bildirib.
V. Bayramov bu sahədə monitorinq keçirdiklərini də diqqətə çatdırıb: "Bizim apardığımız monitorinqlər göstərir ki, bəzi hallarda satış məntəqələrində belə, ərzaq məhsulunun üzərindəki istifadə tarixi dəyişdirilir və yeni istifadə tarixi yazılır. İstifadə müddəti başa çatır, lakin həmin ərzaq məhsulu bir sıra hallarda dövriyyədən yığışdırılmır. Nəticədə, istehlakçının sağlamlığı üçün təhlükəli olan qidanın satışı həyata keçirilir. Bu baxımdan qida təhlükəsizliyi çox vacibdir".
O, hesab edir ki, bu səbəbdən yeni qurumun yaradılmasına ehtiyac var: "Xüsusən son dövrlər istehlak bazarında belə problemlərin çoxalması yeni qurumun yaradılması və nəzarətin gücləndirilməsinə zəmin yaradıb. Nəzarətin gücləndirilməsi baxımından yeni qurumun səlahiyyətlərinin genişləndirilməsi və yeni səlahiyyətlərin verilməsi, eləcə də qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır. Məsələn, qida təhlükəsizliyi ilə bağlı inkişaf etmiş ölkələrdə qaydaları pozanlar üçün kifayət qədər ciddi cərimələr, hətta şirkətin bağlanması nəzərdə tutulur".
"Düşünürəm ki, yeni qurum yaradıldıqdan sonra Azərbaycan qanunvericiliyində də dəyişikliklərə, eləcə də daha ağır şərtlərin, cəzaların və cərimələrin müəyyənləşdirilməsinə ehtiyac var ki, ölkədə qida təhlükəsizliyini tam olaraq təmin etmək mümkün olsun", — iqtisadçı əlavə edib.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, son vaxtlar Azərbaycanda dövlət qurumlarında islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçirilir.