BAKI, 29 iyun — Sputnik. "Bəşəriyyət yaranandan terror var amma, 20-ci əsrin 2-ci yarısından sonra daha çox yeni forma kəsb edib. 21-ci əsrdə isə daha da çoxalıb".
Bunu təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Sputnik-ə açıqlamasında deyib: "Bunun səbəblərindən biri odur ki, dövlətlərarası münasibətlərdə dünya müharibələri baş verəndə o, acıq çıxırdı. Amma indi nüvə silahının olması imkan verir ki, müharibələr olmasın. Müharibələr olmayanda qarşılıqlı ziddiyyətləri çox vaxt terror əli ilə çıxardırlar. Yəni, terror təşkilatlarından dövlətlər maksimum istifadə edir".
Ekspert bildirib ki, terroru doğuran digər səbəblər aparılan daxili və xarici siyasətlə bağlıdır: "Hakimiyyəti ələ keçirmək üçün də bundan istifadə edilir. Ümumiyyətlə, terrorun yaranma səbəbləri çoxdur".
Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən terrora gəlincə, İ. İsmayıl deyib ki, Türkiyə daim daxildən və xaricdən hədəfdədir: "Daxildən ənənəvi olaraq PKK-dır. Xaricdən isə indi İŞİD var, Suriyanın dini radikal kəsimi var, Bəşər Əsədin tərəfdarları var, digər xarici güclər var və s. Türkiyə çətin vəziyyətdədir, həm daxildən həm də xaricdən".
O, hesab edir ki, son günlər Türkiyənin Rusiya və İsrail ilə münasibətlərinin yaxşılaşdırılmasına doğru atılan addımlar terrorçuları daha da qıcıqlandırıb: "Türkiyədə indiyədək çox terror hadisəsi olub, amma hava limanında olmamışdı. Hava limanında da baş verdi və bunun xarakterik xüsusiyyəti Brüsseldəkindən fərqli olaraq odur ki, burada birbaşa kamikadzelər iştirak ediblər. Xüsusi bir formada etməyiblər. Yəni, bu iş mütləq baş tutmalı idi. Brüsseldə ola bilərdi ki, ələ keçsinlər. Amma Türkiyədə elə idi ki, bu iş sona çatmalı idi".
"Kamikadzelər Avropadan fərqli olaraq Türkiyənin içərisində daha çoxdur. Terror indiki halda həm dövlətlərin bir-birinə təzyiq vasitəsidir, həm də terror təşkilatlarının müxtəlif səbəblərdən o hadisələri törətməsidir. Müasir terror daha çox dövlətə, hakimiyyətə təzyiq etmək formasına çevrilib", — mütəxəssis qeyd edib.
Ekspert bildirib ki, İsrail ilə münasibətlərin korlanması Türkiyədə terror hadisələrinin artmasına təkan verib: "Çünki, radikal İslam qrupları arasında İsrail dövlətinin agentura şəbəkəsi daha güclüdür, informasiyası daha çoxdur. Ona görə də onlar müəyyən informasiya əldə edəndə dost olduğu ölkələrlə o informasiyanı paylaşırdı. Son vaxtlar belə bir şey hiss olunur ki, informasiya mübadiləsi olmayıb".
"Amma bundan sonra hesab edirəm ki, İsrail də, Amerika da Türkiyə xüsusi xidmət orqanlarını lazımi, qabaqlayıcı informasiyalarla təmin edəcək", — deyə ekspert əlavə edib.
Qeyd edək ki, dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, 239 nəfər isə yaralanıb.