BAKI, 30 iyun — Sputnik. Artıq demək olar ki, hər gün televiziyalarda, xəbər saytlarında, müxtəlif ölkələrdə baş verən terror aktları ilə bağlı məlumatlar eşidirik. Hansısa şəhərdə hansısa aeroportun, ya da ticarət mərkəzinin havaya uçurulduğunu, yüzlərlə insanın həyatını itirdiyini görürük və dəhşətə gəlirik.
Çox şükür ki, Azərbaycan bu cür qanlı olaylardan kənarda qalmağı bacarır. Bununla yanaşı, ölkəmizdə təhlükəsizlik sistemi necə qurulub? Bizim təhlükəsizliyimiz hansı səviyyədə təmin olunur? Ayrıca, qardaş Türkiyədə tez-tez törədilən terror aktları hansı təhlükəsizlik boşluqlarından irəli gəlir?
Təhlükəsizlik məsələləri üzrə ekspert, konfliktoloq Kamil Səlimov hesab edir ki, terror məsələsində Türkiyə ilə Azərbaycanın durumunu müqayisə etmək düzgün deyil. "Çünki bu gün bir neçə qlobal terror təşkilatları Türkiyəyə qarşı birgə mübarizə aparır. Bura İŞİD, PKK, PYD və s. Daxildir", — o, Sputnik-ə açıqlamasında bildirib.
Ekspert, həmçinin qanlı Suriya qarşıdurmalarının, bilavasitə Türkiyə sərhədlərində yaşandığını qeyd edib: "Digər fakt odur ki, terror təşkilatlarına üzv olan fərdlər həm də Türkiyənin vətəndaşlarıdır. Onlar xarici dövlətlərlə bilavasitə əlaqədədirlər. Bunlar hamısı bir-birinə bağlı elementlərdir".
Ekspert qeyd edib ki, Türkiyə bu gün çox çətin beynəlxalq vəziyyətdə qalıb: "Suriya böhranında Türkiyə birmənalı şəkildə Bəşər Əsədi pisləyir. Türkiyənin müttəfiqi hesab edilən anti-terror koalisiyasında isə yekdillik yoxdur. Hər dövlət öz marağını güdür. Rəsmi Ankara qlobal terror təşkilatları ilə meydanda tək mübarizə aparır. Ona görə də, durub demək olmaz ki, təhlükəsizlik tədbirləri lazımi səviyyədə görülməyib".
Bununla belə, K. Səlimov, Azərbaycanın terrorla mübarizədə indiyə qədər uğurla mübarizə apardığını yada salıb: "Bu yaxınlarda ölkəmizdə böyük dünya təşkilatlarının iştirak etdiyi, qlobal səviyyədə 12-dən artıq tədbir keçirildi. Və heç birində terror aktı olmadı. Son idman yarışları da göstərdi ki, bizdə təhlükəsizlik sistemi uğurla həyata keçirilir. Həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti və digər strukturlar lazımi səviyyədə işlər görür".
Ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev də mövzu ilə bağlı Sputnik-ə öz dəyərləndirmələrini edib. Onun sözlərinə görə, terrorizm beynəlxalq cinayət və mütəşəkkil cinayətkarlığın ən ağır növüdür.
"Bu bəla milli və dövlət daxili olmaqdan çıxaraq bütün dünyanı bürüyüb. Terrorun məqsədi əhali arasında vahimə yaratmaq, siyasi hakimiyyətlərin mövqeyini öz sifarişlərinə uyğun gətirməkdir", — keçmiş polis əməkdaşı bildirib.
Polkovnikin fikrincə, nə qədər ki, beynəlxalq aləmdə terrora qarşı İnterpol kimi mərkəzləşdirilmiş qurum yaradılmayacaq, bu problemin birdəfəlik həlli də mümkünsüz olacaq: "Terrorla lokal səviyyədə mübarizə aparmaq çox çətindir. Sizə elə gəlməsin ki, hansısa strateji obyektin, əyləncə-ticarət mərkəzinin təhlükəsizliyini təmin etməklə iş bitir. Xeyr, bu çox cüzi tədbirlərdir".
"Terror artıq sərhədləri çoxdan aşıb. Hər yerdə və hər an ola bilir. Bu bəla ilə ən doğru mübarizə insanların şüurunda dəyişiklik etməkdir. Beyinlərdən qaranlıq düşüncələri, radikallığı silmək lazımdır. Bir də dediyim ki, mərkəzləşdirilmiş beynəlxalq təşkilat yaradılmalıdır", — deyə Ş. Əliyev vurğulayıb.