Bakı, 29 iyun — Sputnik. Bakı Metropoliteninin əməkdaşları texniki təhlükəsizliklə bağlı xüsusi instruktaj keçiblər. Bunu Sputnik əməkdaşı ilə söhbətində "Bakı Metropoliteni" QSC-nın mətbuat xidmətinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, metropolitendə təhlükəsizliyi polislər təmin etsə də, hər ehtimala qarşı QSC-nin bütün əməkdaşları da xüsusi instruktaj keçiblər: «Şübhəli şəxs və ya əşya gördükləri zaman onlar təcili olaraq hüquq-mühafizə orqanları əməkdaşlarını məlumatlandırırlar. Sonuncular isə öz işlərini yerinə yetirəcəklər".
"Bundan əlavə, məlumdur ki, metropoliten ərazisində müşahidə kameraları quraşdırılıb ki, onların köməyi ilə stansiyaların ərazisi tam olaraq nəzarətdə saxlanılır. Odur ki, təhlükəsizliyin təmini baxımından heç bir sahədə boşluğumuzun olmadığını düşünürəm", — deyə Nəsimi Paşayev bildirib.
Metropoliten rəsmisi əlavə edib ki, bu günə qədər kiminsə tunelə girməyə cəhd etməsi barədə fakt aşkarlanmayıb.
Xatırladaq ki, dünən gecə İstanbul Atatürk Beynəlxalq Hava Limanında baş verən terrok aktı nəticəsində 41 nəfər ölmüş, 147 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun "İslam dövləti" terror qruplaşması tərəfindən törədildiyini demişdi.