BAKI, 29 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətinın (QSC) işçiləri sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bu barədə Sputnik-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, bilet satışı zamanı məcburi qaydada onların şəxsiyyətini təsdiq edən sənədlər tələb edilir. Qatarların hərəkəti zamanı isə dəmiryolçular körpü və stansiyalara yaxınlaşan zaman sayıqlıq nümayiş etdirirlər.
"Səsgücləndiricilər vasitəsi ilə sərnişinlər sistematik olaraq sayıq olmağa çağırılır və onlara xəbərdarlıq edilir ki, şübhəli əşyalar barədə polisə məlumat verisnlər. Hələ ki, belə bir təhlükəli məlumat daxil olmayıb. İnsanlar rahat şəkildə biletlərini alırlar", — deyə N. Əzməmmədov bildirib.
Xatırladaq ki, dünən gecə İstanbul Atatürk hava limanında baş verən terakt nəticəsində 36 nəfər ölmüş, 147 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun "İslam dövləti" terror qruplaşması tərəfindən törədildiyini demişdi.