Şərq şiriniyyat növlərindən olan Şəki halvasının yuxaları düyü unundan bişirilir, qoz, fındıq ləpəsindən hazırlanır. Halvaçıların işini asanlaşdırmaq üçün müxtəlif texnikalar icad olunub. Amma bu gün də Şəki halvaçıları halvanı dədə-babadan qalma üsullarla hazırlayırlar.
Turistlər də Şəki halvasını çox bəyənirlər. Amma almaqdan daha çox dadına baxmağa üstünlük verirlər.
Bu gün Şəkidə 60-a yaxın halva sexi var. Sexlərin əksəriyyəti ustaların ya atasının, ya da babasının adını daşıyır. Bu da, əlbəttə həmin ustanın halvaçılar nəslindən olduğuna işarədir. Hər sexdə də, orta hesabla 5 nəfərin işlədiyini nəzərə alsaq, deyə bilərik ki, 350 nəfərə yaxın şəkilinin çörək pulu halvadan çıxır.
Tərkibi:
düyü unu
fındıq,qoz (ya da badam)ləpəsi
şəkər tozu
zəfəran
Düyü ununun üzərinə tədriclə su səpilərək bərk xəmir yoğrulur. Sonra hər dəfə yaxşıca yoğurmaqla bütün su una hopdurulur. Xəmirdə lopa qalmamalı, duru, tam qarışmış olmalıdır.
Sonra iri sini götürülüb nazik qat yağlanır. Ocağın üstə qoyulur. Düyü unundan hazırlanan xəmir xüsusi, deşikli qıfa doldurularaq həmin sininin üzərində çarpaz xətlər istiqamətlərində gəzdirilir. Alınan riştə (lavaş) vam ocaqda yarım dəqiqə bişirilir. Bu qayda ilə xəmir bitənəcək riştələr bişirilir.
Riştələr başqa sinidə üst-üstə düzülür. 6 qat riştə düzəndən sonra riştələrin sinidən kənara çıxan hissələri səliqəylə kəsilir və ya qoparılır. Bunları da səliqə ilə ayırıb döşəmək lazımdır. Təxminən 1 sm qalınlıqda iç yayılır. Üstünə bir qat riştə döşənir və yenə 1 sm qalınlıqda iç yayılır.
Halvanın üstünə bütöv riştə çəkilir, kənarı halvanın altına qatlanır. Əllə hamarlanır, üzərinə başqa sini qoyulur. Halvanın üstü zəfərandan hazırlanmış qırmızı boya ilə boyanır, yaxud naxış çəkilir.
Ocağın üstə qızdırılmış başqa siniyə qoyulur. Əllə fırladılaraq bişirilir. Bir müddət sonra altı yoxlanılır. Qızılı rəngdədirsə, deməli, bişib.
Su və şəkərdən şərbət bişirilir. Halva içinə qatı şərbət tökülmüş digər siniyə qoyulur, üzərinə şərbət gəzdirilir. Şərbət hopsun deyə 6-7 saat saxlanılır. Sonra halva zövqə uyğun doğranılır.