BAKI, 28 iyun — Sputnik. Rio-de Janeyro Olimpiadasına boks üzrə sonuncu iştirak hüququ verən yarış başa çatıb. Boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 105 ölkədən 469 idmançı 39 lisenziya uğrunda mübarizə aparıb. 49 kq çəki dərəcəsində yalnız finalçılar, 91 və +91 kq-da yalnız çempionlar, digər çəkilərdə ilk 5 yeri tutan idmançılar lisenziya qazanıblar.
Azərbaycandan 3 idmançı bu yarışa qatılaraq olimpiyaya lisenziya qazanmaq üçün mübarizə aparıb. Hər 3 idmançımız yarışları qələbə ilə başa vuraraq Rio-de Janeyro olimpiadasına iştirak hüququ qazana bilib. Bunlar 49 kq dərəcəsində Rüfət Hüseynov, 75 kq-da mübarizə aparan Kamran Şahsuvarlı, 81 kq-da Azərbaycanı təmsil edən Teymur Məmmədovdur.
Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ramiz Mirzəzadə Sputnik-ə bildirib ki, bütün idmançılar güclüdür, amma dünya çempionu Cavid Çələbiyev və Elvin Məmişzadə, dünya ikincisi Albert Səlimov və perspektivli idmançı Pərviz Bağırovdan gözləntilər daha çoxdur: "Bir sözlə, hər bir idmançımızdan uğur gözləyirik".
Xatırladaq ki, Rio-de Janeyro Olimpiadasına boks üzrə kişilər arasında hər ölkəyə 10 itirak hüququ verilir. Azərbaycan bu olimpiadada 10 iştirak hüququndan tam yararlana biləcək.
Beləliklə olimpiadaya gedən idmançılar aşağıdakılardır: Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (91+).
Qeyd edək ki, xanım boksçulardan yalnız Yana Alekseyevna 60 kq çəkidə Rio-de Janeyroda Azərbaycanı təmsil edəcək.