BAKI, 28 iyun — Sputnik. Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. Güləş Federasiyasından Sputnik-ə verilən məlumata görə, çempionatın son iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 2 qızıl və 4 bürünc medal qazanıb.
Qızıl medalları komandamıza Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) isə bürünc medala yiyələnib.
Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. 78 xal toplayan Rusiya birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, ötən ilki analoji yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdı.