BAKI, 25 iyun — Sputnik. 1950-ci il, iyunun 25-i səhər tezdən Koreya Xalq Demokratik Respublikasının silahlı qüvvələri bütün sərhəd boyunca Cənubi Koreyaya qarşı hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatların bütün sərhəd boyunca aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi.
Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət idi. Ancaq əksəriyyəti ABŞ əsgərləri təşkil edirdi.
Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. 1953-cü ilin iyulunda Phanmuncom kəndində tərəflər arasında barışıq haqqında saziş imzalandı.
Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də «könüllülər» adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-ın Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.
Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir.