BAKI, 24 iyun — Sputnik. Böyük Britaniyanın Avropa İttifaqından ayrılma qərarı verməsindən sonra Fransa və Hollandiya da eyni yolu izləmək həvəsinə düşüb. Hər iki ölkənin radikal millətçi partiya təmsilçiləri növbədə özlərinin olduğunu düşünürlər.
Sputnik Reuters-ə istinadən xəbər verir ki, Hollandiyada anti-müsəlman mövqeyi ilə tanınan Geert Vilders ölkəsinin təcili Avropa İttifaqından çıxmasını tələb edib. Radikal millətçi Geert Vilders Britaniyadakı referendumdan sonra jurnalistlərlə görüşündə belə deyib.
"Düşünürəm ki, pulumuz, sərhədlərimiz, immiqrant siyasətimiz və ölkəmizə aid nə varsa, bizim məsuliyyətimizdə olmalıdır. Biz bunu istəyirik", — siyasətçi qeyd edib.
Bənzər açıqlamanı Fransanın radikal millətçi Milli Cəbhə Partiyasının sədr müavini Florian Filippot da verib. O, öz Twitter səhifəsində yazıb: "İnsanların azadlığı hər zaman sonda qalib gəlir. Britaniyanı alqışlayıram. İndi növbə bizimdir".
Maraqlıdır ki, hər zaman Avropa İttifaqının bütöv olmasından yana olan Avstriyadan da oxşar münasibət gəlib. Bu ölkənin xarici işlər naziri Sebastian Kurz Britaniyanın Aİ-dən ayrılmasının domino təsiri yarada biləcəyini qeyd edib.