BAKI, 24 iyun — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin plenar iclası zamanı millət vəkili Zahid Orucla bağlı İntizam Komissiyasının sədri Ağacan Abıyevə tapşırıq verib. Parlament sədri komissiyada Zahid Orucun, iyunun 24-də parlamentin növbədənkənar son plenar iclasındakı davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.
Bu gün keçirilən iclasda Oqtay Əsədov ilə Zahid Oruc arasında mübahisə yaranıb. Parlament sədri Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur.
"Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?!", — deyə millət vəkili Siyavuş Novruzov sözügedən mübahisəyə münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir: "Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var".
"Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq mikrafon söndüsə, deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq", — S. Novruzov əlavə edib.