BAKI, 24 iyun — Sputnik. "Hamı bilir ki, biz Böyük Britaniyada keçirilən referendumdan başqa nəticə gözləyirdik". Sputnik Guardian-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının sədri Donald Tusk deyib.
Onun sözlərinə görə, referendumun siyasi nəticələrini proqnozlaşdırmaq mümkün deyil, xüsusən də Birləşmiş Krallıq üçün: "Əslində bu, tarixi andır. Hər kəs əmin olsun ki, bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində İttifaq üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Avropa İttifaqının 27 liderinin adından bəyan edirəm ki, biz bu birliyi qoruyub saxlamaq və onu daha da gücləndirmək niyyətindəyik".
D. Tusk iddia edir ki, Böyük Britaniyanın Aİ-dən çıxışı hüquqi problem yaratmayacaq: "Krallığın Aİ-dən çıxışı ilə bağlı bütün prosedurlar müqavilələrdə öz əksini tapır".
Xatırladaq ki, Britaniya adasında dünən keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.