BAKI, 23 iyun — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Azərbaycan ağırlıqqaldıranlarına tətbiq etdiyi cəzadan apellyasiya şikayəti veriləcək. Sputnik "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
2016-cı il Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanılsa da, IWF Azərbaycanın 1 kişi, 1 qadın ağırlıqqaldıranını vəsiqədən məhrum edib. Nazir idmançılardan bəzilərinin cəzaları ilə razı olmadıqlarını və şikayət edəcəklərini söyləyib.
Nazir hazırda son qərarla bağlı məktub gözlədiklərini dilə gətirib: "Biz vəkil vasitəsilə işə başlamışıq. Hazırda Beynəlxalq Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözləyirik. Çox istərdik ki, yüksək nəticə göstərmiş ağırlıqqaldıranlarımız olimpiadada iştirak etsinlər".
Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidəki iclasında qəbul olunan qərara əsasən, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə təmsil olunacaq.