Rəsmi rəqəmlər göstərir ki, ötən illərdə Türkiyəyə səfər edən turistlərin sayına görə Rusiya üstün mövqedə qərar tuturdusa, 2015-ci ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayında kəskin azalma baş vermişdi. Əgər 2014-cü ilin yanvar-may ayında Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 1.118 580 nəfər təşkil edibsə, 2015-ci ilin analoji dövründə bu rəqəm 801 915 nəfər təşkil edib ki, bu da keçən illə müqayisədə 28,31% aşağıdır. Bu il isə Moskvanın məlum embarqosundan sonra vəziyyət daha acınacaqlı həddə düşüb.
İtkilərini kompensasiya etmək üçün Türkiyənin turizm şirkətləri qiymətləri aşağı endirmək də daxil olmaqla, müxtəlif cəlbedici marketinq layihələri həyata keçirir. Amma bunun nə dərəcədə effektli olacağı və ən əsası əvvəlki illərdə olduğu kimi gəlir götürəcəklərini mövsümün sonunda açıqlanacaq statistika göstərəcək.
Azərbaycanın turizm şirkətləri isə bildirir ki, Antalya turları hələ də vətəndaşlar arasında cəlbedici olaraq qalmaqdadır. Bu daha çox indiki iqtisadi sarsıntılar dövründə qiymətlərin əlçatımlı olmasıyla bağlıdır.
"İnTravel" şirkətindən Sputnik-ə bildiriblər ki, Türkiyə kurortlarına maraq azərbaycanlılar arasında elə əvvəlki səviyyədədir və bəzən artım da müşahidə edilir: "Rus turistlərin Türkiyəyə getməməsi Azərbaycan turistlərinin oraya üz tutmalarına çox da təsir etməyib. Lakin keçən illə müqayisədə, bu il Antalya və Bodruma gedənlərin sayı artıb".
Şirkətdən bildirirlər ki, ümumiyyətlə Azərbaycan turistləri daha çox xaricə üz tutumağa üstünlük verirlər. Gürcüstan DİN-in İnformasiya-təhlil departamentinin yaydığı məlumata görə, təkcə 2015-ci ilin yanvar-may aylarında Gürcüstana səfər edən turustlər arasında azərbaycanlılar ikinci yeri tutur. 2015-ci ilin yanvar ayından may ayına qədər Gürcüstana 1 milyon 835 min 545 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 faiz çoxdur.
Xatırladaq ki, Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır. Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri — xüsusən də Gürcüstan və Türkiyəni seçirlər.
İqtisadçı ekspert Samir Əliyev Sputnik-ə deyib ki, Azərbaycanın Rusiya turistlərini cəlb etmək şansı var: "Rus turistləri dünyada ən çox gəlir gətirən turistlər hesab olunur, ona görə də onların üzərində mübarizə gedir. Rusiya turizminin təxminən 20 faizi Misirin, 20 faizə yaxını da Türkiyənin payına düşürdü. Misirlə bağlı məsələ aydındır — ora artıq dayandırılıb, bunun ardınca isə Türkiyə. Deməli bu gün kifayət qədər turist var ki, potensial olaraq gəzmək üçün yer axtarırlar. Rusiyada iqtisadi vəziyyət əvvəlki kimi deyil, ona görə də turistlər əvvəlki dövrdən fərqli olaraq nisbətən ucuz məkanlar axtarırlar. Rus turistlərini cəlb etmək üçün bizim şansımız var: yaxın və isti ölkəyik, bundan başqa dənizə çıxışımız və təbiətimiz var".
"Bu günə qədər Türkiyəyə gedən 4 milyon rus turist Azərbaycana gəlməyə başlasaydı, mən Rusiya səfiri kimi ən xoşbəxt insan olardım. Məmnuniyyətlə təsdiq edərdim ki, bizdə Azərbaycana olan turizm marağında artım var". Bunu isə, "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Elə iqtisadçı Samir Əliyev də deyir ki, Azərbaycanda turizmin problemləri təkcə calbedici zona sayılan Xəzərətrafı ərazilərin hasarlanması ilə bitmir, başqa səbəblər də var: "Çox təəssüf ki, bizim turizmdə vacib olan bəzi komponentlər çatmır. Birinci, təbii ki, təyyarə biletləridir. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ucuz uçuşlar təşkil etməliyik ki, ruslar bizdən uçsunlar".
"Sonra otellər məsələsi. Turistlər gəlsə, hansı oteldə qalacaqlar? Qiyməti kifayət qədər yüksək olan 4-5 ulduzlu otellərdmi? Bu otel məsələsi də bu gün çox vacib məsələdir və təəssüf ki, hələ də onu həll etməmişik", — ekspert vurğulayıb.
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında münasibətlər 2015-ci ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozduğu iddia olunan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.
Rusiya prezidenti Vladimir Putin bu addıma çox kəskin reaksiya verərək, bunu "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdı. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.