BAKI, 21 iyun — Sputnik. İyunun 24-də Azərbaycan Dövlət Musiqili Teatrında "999-cu gecə" tamaşasının növbəti premyerası keçiriləcək. Sputnik Azərtac-a istinadən xəbəbr verir ki, "Min bir gecə" nağıllarının motivləri əsasında səhnələşdirilən "999-cu gecə" böyüklər üçün hazırlanmış nağıl-tamaşadır.
Tamaşanın süjet xəttinin əsasını çəkməçi Marufla onun ifritə arvadı arasındakı ziddiyyətli, təzadlı münasibətlər təşkil edir. Bu nağıl "Min bir gecə"də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan, yaradıcı kollektiv tamaşanı "999-cu gecə" adlandırıb.
İntriqalarla, gözlənilməz situasiyalarla, həyəcan dolu, eyni zamanda, bir qədər kədərli hadisələrlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbədən ibarətdir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğurundakı mübarizənin təqdim olunduğu səhnə əsərinin musiqi tərtibatında dahi bəstəkar, Xalq Artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.
Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Elçin İmanov və Elməddin Dadaşov ifa edəcəklər.