BAKI, 21 iyun — Sputnik. Məşhur amerikalı milyarder Corc Soros Böyük Britaniyanın (BB) Avropa İttifaqından (Aİ) ayrılacağı təqdirdə, baş verəcək hadisələr haqda proqnozlarını açıqlayıb. O bildirib ki, ingilislər Aİ-dən ayrılmağa "hə" desələr, Britaniya valyutası olan funt sterlinq ABŞ dolları qarşısında 20 faiz dəyər itirəcək və bu, 1992-ci ildəki devalvasiyadan daha sarsıdıcı olacaq.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Soros "Guardian" qəzetinə yazdığı köşə yazısında deyib: ""Brexit" bəzilərini daha da zəngin edəcək, ancaq seçicilərin böyük hissəsi daha da yoxsullaşacaq".
Soros yazısında Aİ-dən çıxma qərarının veriləcəyi təqdirdə sterlinqin ən az 15-20 faiz dəyər itirərək, 1.15 dolların altına düşə biləcəyini proqnozlaşdırıb. O, "Brexit"in maliyyə bazarları, investisiyalar və məşğulluq üzərində "sürətli və dramatik təsirinin" olacağını ifadə edib.
Qeyd edək ki, bütün dünyada hökumətlər və investorlar BB-də iyunun 23-də keçiriləcək referendumun nəticələrini gözləyir. "Bloomberg"in rəy aldığı iqtisadçıların proqnozlarına görə, sterlinq referendumun ertəsi günü ya 30 ildən çox müddətin ən aşağı səviyyəsinə geriləyəcək, ya da bu ilin ən yüksək səviyyəsinə çıxacaq. Ayrılma qərarının veriləcəyi təqdirdə, əsas ehtimallar ondan ibarətdir ki, sterlinq 1.25-1.40 dollar aralığına düşəcək, Aİ-də qalma qərarının veriləcəyi təqdirdə isə 1.50 doları ötəcək.