BAKI, 21 iyun — Sputnik. Havalar hələ tam isinməyib, lakin ilansancma ilə bağlı xəbərlər durmadan artır. Və daha bir ilansancma hadisəsi Şəkidə baş verib.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, 53 yaşlı qadını ilan sancıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 19-u saat 11 radələrində rayonun Şin kənd sakini, 1963-cü il təvəllüdlü Bənövşə İdris qızı Məmmədova ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 53 yaşlı Bənövşə Məmmədova yaşadığı evin həyətyanı sahəsində toyuq yuvasından yumurta götürmək istəyən zaman ilan qəfildən onun sol qolunun said nahiyyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.