Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manatın aqibəti ilə bağlı ziddiyyətli proqnozlar

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Valyuta Fondu Azərbaycanda son 15 ildə ən böyük inflyasiyanın gözlənildiyini iddia edir. Yerli ekspertlər isə yaxın aylarda milli valyutanın ciddi şəkildə dəyərdən düşəcəyini istisna edirlər.

Manatın aqibəti ilə bağlı ziddiyyətli proqnozlar
BAKI, 20 iyun — Sputnik. Manatın məzənnəsinin aşağı düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır ki, bu da son 15 ildə ən yüksək göstəricidir.
Azərbaycan manatı - Sputnik Azərbaycan
Manatın başı üstündən qara buludlar çəkilməyib

"Manatın dəyərsizləşməsi bankların balans hesablarına təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib", — deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edirlər ki, bu ölkələrin mərkəzi bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsünlər.

İqtisadçı-ekspert Anar Rzayev Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda böyük inflyasiya gözlənilmir: "BVF-in hesabatında göstərilən dəyişiklik qrafikdə böyük görünsə də, elə də böyük deyil. Azərbaycanda müəyyən qədər inflyasiya var, lakin pul kütləsində sürətli artım olmadıqda çox böyük inflyasiya gözləməyə dəyməz".

"Yüksək inflyasiyanın olması üçün pul kütləsi çox olmalıdır. Azərbaycanda isə pul kütləsi Mərkəzi Bank tərəfindən kiçildilib", — deyə ekspert bildirib.

İyunun 20-nə olan rəsmi məzənnəyə əsasən, manat Azərbaycanın əksər ticarət tərəfdaşlarının milli valyutasına nisbətən kəskin ucuzlaşıb. Belə ki, manata qarşı dollar 0.2%, funt sterlinq isə 2.6% bahalaşıb. İqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, manatın gələcək taleyi bizim görəcəyimiz işlərdən asılıdır.

"Azərbaycanda milli valyuta ilə digər varici valyutaların münasibətlərinin tənzimlənməsi üzən məzənnə əsasında müəyyən olunduğuna görə, konkret proqnoz vermək çətindir. Amma iqtisadiyyatda gedən prosesləri və FED-in (ABŞ-ın Federal Ehtiyatlar Sistemi —red.) dollarla bağlı qərarını nəzərə alsaq, belə demək olar ki, yaxın gələcəkdə — 1-2 ayda manatın güclü şəkildə dəyərdən düşməsi gözlənilmir. Amma uzaq perspektivdə, əgər iqtisadi islahatlar aparılsa və tədiyyə balansında kəsir olmasa, biz manatın möhkəmlənməsinin şahidi ola bilərik. Manatın taleyi bizim görəcəyimiz işlərdən asılıdır", — iqtisadçı vurğulayıb.

Qeyd edək ki, iyunun 15-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin (yenidən maliyyələşmə dərəcəsi) dəyişməməsi ilə bağlı qərar qəbul edib. Əksər ekspertlər hesab edirlər ki, bu və digər səbəblərdən Azərbaycanda manatın kəskin devalvasiyası olmayacaq, lakin manatın yumşaq şəkildə dəyərdən düşməsi müşahidə oluna bilər. Onların fikrincə, yay aylarında 1 dollar 1 manat 50 qəpik və 1 manat 65 qəpik arasında dəyişəcək.

Xəbər lenti
0