BAKI, 17 iyun-Sputnik. Günün qəhrəmanı və iki sərbəst yürüşün lideri, "Mersedes" komandasının pilotu Luis Hamilton ilk müsahibələrində Bakı trassından bir qədər razı qalmadığını bildirmişdi.
O, simulyatorda Bakı trekini "sürdükdən" sonra Rusiya mətbuatına açıqlamasında trekin bəzi yerlərinin ensiz, bəzi yerlərinin enli — avtomagistrala oxşadığını vurğulamaqla, bəyənmədiyini demişdi.
Lakin bu gün sərbəst yürüşlər bitdikdən sonra lider pilot Bakı trassının olduqca ciddi və mübarizə üçün çətin bir trass olduğunu etiraf edib.
Qeyd edək ki, Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov ötən gün Apasport-a müsahibəsində Hamiltonun iradına cavab olaraq demişdi:
"Hamilton sabah o trekdə maşın sürəcək. Öncə "trenajorda" olan təəssüratlarını bölüşüb. Belə düşünürəm ki, avtomobili özü idarə etdikdən sonra fikri dəyişəcək. Çünki trek həqiqətən çox maraqlıdı. Sözsüz ki, onun rəyi bizim üçün çox vacibdi. Amma digər tərəfdən, biz ancaq və ancaq çoxlu müsbət, belə deyək, alqışlar, Bakı trekinin digər şəhər trekləri ilə müqayisədə çox maraqlı olduğunu eşitmişik. Burada dar və enli yollar, döngələr və enişlər də var. Düz məsafə də var, hansı ki, maşınlar yüksək sürət yığacaq. Hansı pilotlar bu gün öz fikirlərini bölüşürlər, onlar özləri trekdə sürüb baxmalıdırlar və bu da sabah baş verəcək. Ondan sonra onların rəyləri bizim üçün çox vacibdi. İkincisi, Hamilton Monako şəhəri ilə müqayisə aparır. Hazırda dünyada 4 — Melburn, Sinqapur, Monako və Bakı Şəhər Halqası var. Bunlardan ən birincisi Monakodu, 1950-ci illərdən bu yarışa ev sahibliyi edir. Ən yenisi isə Bakıdı. Sinqapurda olmuşam, elə böyük dəyişiklik görməmişəm. Sözsüz ki, döngələrin sayı orada az, burada çox ola bilər. Ümumiyyətlə, bir-birinə oxşardı. Hamilton nəyi düşünür, nəyi azarkeşlərə çatdırmaq istəyirdi, onu mən deyə bilmərəm."