BAKI, 17 iyun —Sputnik. Azərbaycan idmançıları nəinki öz ölkələrində, xaricdə yaşayarkən də uğurlara imza atırlar. Belə idmançılardan və eyni zamanda məşqçilərdən biri də kikboks üzrə dəfələrlə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən Hafiz Baxşəliyevdir. O, Böyük Britaniyada Kikboks idman klubu yaradaraq azərbaycanlı və ingiltərəli idmançıları ətrafına toplayıb.
Sputnik-ə müsahibə verən Hafiz Baxşəliyev Londondakı klubundan və məşqçilik fəaliyyətindən danışıb.
- Siz ilk azərbaycanlılardansız ki, İngiltərədə, London şəhərində idman klubu yaradaraq məşqlər kecirsiz. İngiltərədəki tələbələrinizlə buradakı tələblərin fərqli xüsusiyyətləri hansılardır?
— Mən məşq etdiyim klubda idman edən gənclərin əksəriyyəti Londonda təhsil alan azərbaycanlılardır. Ona görə də çox fərq hiss olunmur. Həm də bizdə səmimi mühit olduğu üçün, uşaqlar özlərini Azərbaycandakı kimi hiss edirlər. Bu da onlara yaxşı məşq etmək və formada olmağa stimul yaradır.
- İngilislərlə azərbaycanlılar arasında idmana münasibətdə fərqlər varmı və nədən ibarətdir?
— Açığı, düşünürəm ki, ingilislər bizdən daha çox idmana həvəslidirlər. Biz idmandan əsasən yarışlarda iştirak etmək, yaxud da arıqlamaq üçün istifadə edirik. Amma burada idman yaşından asılı olmayaraq, əksər adamların gündəlik həyat tərzidir. Günün istənilən vaxtında yolda, parkda, idmanla məşğul olan insanlarla rastlaşmaq olur.
-Məşq edən azərbaycanlı tələbələrinizi İngiltərədə yarışlara çıxara bilirsiz?
— Bəli, formada olan idmançılarımız İngiltərədə keçirilən yarışlarda iştirak edirlər. Hətta bu yaxınlarda bir idmançımıza WKA K-1 yarışında iştirak etmək üçün təklif də gəlib. Oktyabr ayında Londonda keçiriləcək peşəkar kikboks yarışına Azərbaycandan idmançı dəvət eləmişik. 86 kg çəki dərəcəsində Xəyal Əhmədov WKA K-1 üzrə Avropa kəməri uğrunda döyüşəcək. Həmçinin hal-hazırda Almaniyada yaşayan həmyerlimiz Bəxtiyar İsgəndərzadə dünya kəməri uğrunda döyüşəcək.
Uğur qazansalar peşəkarlar arasında biri dünya, digəri Avropa çempionu olacaq və hərəsi öz çəki dərəcəsində reytinqdə birinci olacaqlar. Uğur qazanarlarsa, başqa döyüşlərə də vəsiqə qazanmaq şansları olacaq.
-İdmançılar yarışlarda Azərbaycanı təmsil edəcəklər, yoxsa İngiltərəni?
— Əlbəttə Azərbaycanı təmsil edəcəklər. Mənə İngiltərədə yaşamaq və məşq keçmək təklifi gələndən sonra mən orada klub açaraq məşq keçməyə başladım. Azərbaycanlı idmançılarımız da Azərbaycanı təmsil edəcək. Klubumuz yeni olsa da, gələcəkdə uğur qazanacaq böyük potensiallı idmançılarımız var.