BAKI, 16 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatının B qrupunda növbəti oyun keçirilib. Lans şəhərinin "Bollar Delelis" stadionunda İngiltərə və Uels yığmaları qarşı-qarşıya gəliblər.
İlk hissənin 42-ci dəqiqəsində uelsli Qaret Beyl cərimə zərbəsindən topu ingilislərin qapısından keçirib — 1:0. İlk 45 dəqiqə bu hesabla başa çatıb.
İkinci hissədə İngiltərə yığmasının üstünlüyü ilə keçib. 56-cı dəqiqədə Ceyms Vardi, oyuna əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Deniyel Starric Uelsin qapısına yol tapıblar. Oyun İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə İngiltərə 4 xalla B qrupunun lideri olub. Uels və Slovakiya yığmaları hərəyə 3 xalla 2 və 3-cü pillələri bölüşürlər. Rusiya 1 xalla qrup sonuncusudur.