BAKI, 16 iyun-Sputnik. Son zamanlar ölkə ərazisində qeydə alınan yağıntılar nəticəsində Azərbaycanın bir çox bölgələrində sürüşmələr qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev deyib ki, Azərbaycanda atmosfer çöküntüləri intensivləşdiyindən qədim sürüşmə sahələrində müəyyən qədər aktivləşmə və sürüşmə baş verib.
"Bakı-Ağsu yolunun 135-156-cı km-də də qədim sürüşmə sahəsindəki çatlarda müəyyən qədər sürüşmə baş verib. Sürüşmə nəticəsində yollara qismən uçqun-töküntü hadisəsi də olub. Bu aradan qaldırılandan sonra gediş-gəliş bərpa olunub. Yağıntılar nəticəsində İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində də sürüşmə baş verib. Sürüşmə sahəsində Sulut-Kələzeyvə-Sərsurə kəndləri arasında olan avtomobil yolları tamamilə sıradan çıxıb. Sürüşmə Sərsurə kəndi ərazisinə də çatıb və orada 7 ev qəzalı vəziyyətə düşüb. Həmin ərazidən əhali köçürülüb".
Baş geoloq əlavə edib ki, Bakıdakı Zığ sürüşmə sahəsində müəyyən qədər sürüşmə kütləsinin üzərində olan çatlarda genişlənmə olub. Onun sözlərinə görə, sürüşmənin dinamikasında aktivləşmə qeydə alınıb: "Bu ay ərzində Muğanlı-İsmayıllı, Quba yolunda da aktivləşmə müşahidə olunub. İsmayıllı rayonun Xan kəndində sürüşmə dinamikasında aktivləşmə qeydə alınıb. Quba-Xınalıq yolunun 37-46, 37-47-ci km-də uçqun-töküntü hadisələri baş verib. Lerik, Masallı rayonunda bəzi yerlər cüzi aktivləşmə qeydə alınsa da bunlar nəzərəçarpacaq dərəcədə deyil".