BAKI, 16 iyun-Sputnik. 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gurultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.
Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam etdi.
Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşdü. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam etdirib.
Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bizimlə bölüşdü:
"Yenidən Bakıda olmaq möhtəşəm hisdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər-İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm."