BAKI, 14 iyun-Sputnik. FİFA-nın keçmiş prezidenti Yozef Blatter püşkatmalar zamanı saxtakarlıqlardan danışıb.
Sputnik Report-a istinadla xəbər verir ki, isveçrəli sabiq funksioner belə bir halla Avropa səviyyəli püşkatmalarda rastlaşdığını bildirib.
"Kürəciklərin isti və soyuq olması texniki cəhətdən mümkündür. Belə hal FİFA-da olmayıb, amma Avropa səviyyəli yarışlarda görmüşəm. Kürəciklər püşkatma öncəsi soyuducuya salınır. Sonradan xırda toxunuş belə kifayət edir ki, onların qızdırılmış və ya soyuq olduğunu müəyyənləşdirəsən" deyə Y.Blatter vurğulayıb.
Yozef Blatter 1998-2015-ci illərdə FİFA prezidenti olub. O, ötən il qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda FİFA-ya UEFA-nın sabiq baş katibi Canni İnfantino başçılıq edir.